Həyatda heç bir sevincin, xoşbəxtliyin qurbansız olmadığını dərk etdiyimiz yaşa çatsaq belə, irili-xırdalı bütün qurbanların ağrısından yan keçə bilmərik.
İnsanlar heç bir dərdi unutmur, bu dərdə öyrəşərək yaşayır.
Yaşamaq səbəbi də borcdur. Allahın bəxş etdiyi ağrılı-sevincli ömür salnaməsini günahsız başa vurmaq borcu nə qədər çətin olsa da, iradəmizin və qabiliyyətlərimizin imkanı çərçivəsində yaşayırıq.
Ağrılı-sevincli günlərin sayını isə iradəmizin gücü müəyyənləşdirir. Əsas odur ki, o günləri saymağa vaxtımız, imkanımız yetməsin. Bunun üçün isə daim fəaliyyətdə olmalı, həyatımızı səmərəli işlərlə zənginləşdirməliyik.
Sevindirici haldır ki, müxtəlif internet resursları uşaqdan qocaya kimi heç kimin boş vaxtı qalmasına imkan vermir.
Təəssüfedici də odur ki, bu mənbələrdən səmərəli istifadə bacarığına və istəyinə hər kəs malik deyil.
Təsəlli verən tərəfi isə ehtiyacların və dərdli fikirlərin müvəqqəti unudulmasıdır.
Arzular isə sərhəd tanımır deyirlər. Hər bir azərbaycanlıya məxsus arzunun həyata keçdiyi bir dövrdə, dərdlərin sevinclərlə uzlaşdığı bir məqamda, millətimizin hər bir üzvünün bir ailə sevinci yaşaması qədər böyük xoşbəxtliyi qarşısında bütün digər arzularımız, ehtiyaclarımızın kiçilməsi isə həyatın bizə bəxş etdiyi əzəmətli gücdür.
Bir çoxlarımızın dünyaya, həyata, ömrə, insanlara, iqtidara belə baxışlarını dəyişmiş bu qələbə sevincinin dərdlərdən güclü olmasını inkar etməyə söz tapmaq çətindir.
İnanıram ki, bu günlərin şahidi olan hər bir kəs həyatının hər bir gününü qəhrəmanlıq həvəsi ilə, dərdləri xoşbəxtliyə çevirmək arzusu ilə yaşayacaq, malik olmadığı qabiliyyətlərə yiyələnmək yolunda inamla addımlayacaq.
Sənubər