Bu layihəyə İranın gücü çatmır, Rusiya köməyə gəlir – Azərbaycan isə…

0
230

Rusiya Dəmir Yolları” İranda Rəşt-Astara dəmir yolu hissəsinin tikintisində fəal iştirak edəcək.

Bu barədə Rusiya baş nazirinin birinci müavini Andrey Belousov şirkətin idarə heyətinin 2022-ci il üçün yekun iclasında bildirib.

Astara-Rəşt yolu, Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzanan multimodal marşrutu olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi daxilində olan hissədir. Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir.

Xatırladaq ki, İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib.

Tikintinin aktiv mərhələsi yalnız 2018-ci ildə başlayıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq bir sıra tədbirlər görülüb. Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib. Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib.

Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin–Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib. İran ərazisində Rəşt–Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir.

28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara–Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb.

Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq. Dəhlizlə ilkin olaraq il ərzində 5 mln. ton yükün daşınması, gələcəkdə isə 10 mln. tona qədər artırılması planlaşdırılır