Bu insanlar təhlükə mənbəyidir – Baş infeksionistdən AÇIQLAMA

0
435

Test cavabının mənfi olması müəyyən hallarda mümkündür. Bu, bir yandan xəstədən materialın düzgün götürülməməsi, digər tərəfdən test materialının nisbətən gec götürülməsi ilə əlaqəli ola bilər. Bu zaman proses daha aşağı şöbələrə yayılır və ağciyərdə “tutqun şüşə” və ya “buzlu şüşə” simptomu meydana çıxır. Həmin zaman virusun yuxarı şöbələrdə aşkarlanmasına az hallarda təsadüf olunur. Buna baxmayaraq, xəstədə “buzlu şüşə” simptomu müsbət olur və kliniki əlamətlər özünü göstərir. Adətən belə xəstələr COVID-19 xəstələri kimi müalicəyə götürülür, müşahidə altında saxlanılır və təcrid olunurlar. Xəstədə “buzlu şüşə” simptomu varsa və digər əlamətlər mövcuddursa, o zaman onda tənəffüs darlığı meydana çıxır. Belə xəstələr mütləq diqqətə alınmalı, müşahidə altında saxlanılıb müalicə olunmalıdırlar. COVID-19-un digər hallarının müalicəsində tətbiq olunan preparatlar burada da istifadə edilir. Lakin bu zaman daha diqqətli, davamiyyətli, müntəzəm müayinə və müşahidələr tələb olunur.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, “buzlu şüşə” effekti bir sıra viral infeksiyalarda, o cümlədən koronavirusda da müşahidə oluna bilər: “Bu, ağciyərlərin spesifik zədələnməsi nəticəsində meydana çıxır. Belə ki, fibroz prosesi inkişaf edir, ağciyərlərdə qanın oksigenlə zənginləşməsi prosesi qat-qat aşağı düşür, xəstədə təngnəfəslik yaranır. Ona görə də biz xəstəni süni tənəffüs aparatına qoşuruq ki, müəyyən qədər kömək etsin. O da kömək etməyəndə ekstrakorporal membran oksigenləşdirmə aparatından da istifadə olunur.

Test nəticəsi mənfi çıxan, lakin ağciyərlərində “buzlu şüşə” effekti olan xəstələr digər COVID-19 infeksiyaları kimi ətrafdakılar üçün təhlükəli hesab olunurlar. Onlar ev şəraitində izolyasiya oluna bilməzlər. Həmin şəxslər mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şəraitində müalicə alanlar yüngül siptomları olan və ya zəif olan, test nəticəsi müsbət çıxan, lakin klinik əlamətlər müşahidə edilməyən, “buzlu şüşə” simptomu qeydə alınmayanlardır”.

Baş infeksionist bildirib ki, test nəticəsi neqativ çıxan lakin “buzlu şüşə” effekti olan xəstələr sağalıbsa və heç bir kliniki əlamətlər yoxdursa, onların təkrar rentgen və ya kompüter tomoqrafiyası müayinəsindən keçməsinə ehtiyac yoxdur. Lakin çox ağır xəstələrdə həkim təkrar rentgendən keçmə qərarını qəbul edə bilər. Laborator müayinələrin nəticələri qaneedici olarsa, kliniki əlamətlərə əsaslanıb xəstəni evə yazmaq mümkündür. Bu, xəstəni xəstəxanada müşahidə edən həkimin qərarına əsasən həyata keçirilir.

“Həmin şəxslər düşünməməlidirlər ki, test nəticələri neqativ çıxıb deyə başqalarını yoluxdurma ehtimalları yoxdur. Virus və yoluxdurma ehtimalı var. Ağciyərlərin daha aşağı şöbələrindən material götürülsə, nəticə müsbət olacaq. Onun da yuxarı şöbələrə qalxıb yayılmaması ehtimalı yoxdur. Odur ki, virus yuxarı şöbələrə qalxıb yayıla və xəstə başqalarını yoluxdura bilər”, – deyə C.İsayev diqqətə çatdırıb.