Bu il Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayı AÇIQLANDI

0
245

2021-ci ilin üç ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu qəzalarda 125 nəfər həlak olub, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7 %) fakt, ölənlərin sayı 56 (-30,9 %) nəfər, yaralananların sayı isə 8 (-2,1 %) nəfər azalıb.

Aparılan təhlillər göstərir ki, 365 (97 %) yol nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 – 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2 %-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8 %-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Yol nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurmaq (142 – 37,7 %, 49 ölü, 99 yaralı) və toqquşma (136 – 36,1 %, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.

Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-si piyada, 42-si sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.