Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirliyin “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 1 may 2020-ci il tarixədək 98 min artıb. Əmək müqavilələrində artımın 88 mini özəl sektorun payına düşüb.
Pandemiya ilə əlaqədar iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində Nazirlik tərəfindən işəgötürənlərlə, o cümlədən sahibkarlarla mütəmadi işlər aparılıb. Bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. İş yerlərinin qorunması təmin edilməklə, eyni zamanda, əmək müqavilələrinin sayında ciddi artımın baş verməsi işəgötürənlərin, həmçinin sahibkarların sosial məsuliyyət prinsipinin daha da gücləndiyini və mövcud şəraitdə sosial həmrəyliyə fəal dəstəyini ifadə edir.