Bu gündən Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldıldı

0
324

Bu gündən etibarən Azərbaycanda SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələrini xahiş edir:

Maska taxın.

Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

Fiziki məsafə saxlayın.

İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

Təcrid olduğunuz yeri tez-tez havalandırın.

Gün ərzində iki dəfə bədən hərarətinizi ölçün.

Bol maye qəbul edin.

Yataq rejiminə riayət edin.

Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

Beş gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırmasalıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır.

Dövlət qurumları vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır. Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omikron” ştammının yayılması halları müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.