Bu gün Vətən müharibəsi şəhidi Emin İsmayılovun doğum günüdür – FOTO

0
364

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi şəhidi İsmayilov Emin Tahir oğlunun doğum günüdür.

Qəhrəman gizirimiz Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Şəhid İsmayılov Emin Tahir oğlu 2001-ci il mayın 21-də Bakı şəhəri, Nəsimi rayonunda anadan olub.

Əslən Cəbrayıl rayonundan olan Emin İsmayılov təhsilini Nəsimi rayon 54 saylı tam orta məktəbdə alıb. Kiçik yaşlarından idmanla məşğul olub.

O, 2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə yollanıb. E.İsmayılov Goranboy rayonunda həqiqi hərbi xidmətdə olan zaman Vətən müharibəsi başlayıb.

O da digər cəsur hərbçilərimiz kimi Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib.

Verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirən E.İsmayılov 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Döyüş meydanında yaralanan silahdaşlarını xilas edən E.İsmayılovun yaxınlarının verdiyi məlumata görə, ayağından güllə yarası alsa da, döyüş meydanından çıxmayıb. Vətən torpağını canı, qanı bahasına düşməndən müdafiə edərək şəhid olub.

E.İsmayılov Yasamal rayon qəbiristanlığında silah yoldaşlarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən, İsmayılov Emin Tahir oğluna ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.