Bu gün onbirincilərin buraxılış imtahanıdır

0
700
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
Moderator.az xəbər verir ki, saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunacaq. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahanlarda 28919 (Sumqayıtda 3381, Abşeronda 2860, Gəncədə 2661, Göygöldə 726, Samuxda 454, Naftalanda 54, Goranboyda 1032, Daşkəsəndə 194, Şəki 1641, Oğuzda 474, Qəbələdə 1151, Lənkəranda 1514, Astarada 717, Biləsuvarda 743, Ağsuda 518, Zərdabda 419, Şamaxıda 638, Kürdəmirdə 921, Ağdamda 657, Yevlaxda 1062, Bərdədə 1512, Tərtərdə 673, İmişlidə 1154, Saatlıda 663, Sabirabadda 1155, Xaçmazda 1430, Şabranda 515) nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub.
İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 2342 nəzarətçi‑müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi ayrılıb.