Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən iki nəfərin doğum günüdür.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirİK:
Əsgər Orucov Ürfan Firdovsi oğlu 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.
Ürfan Orucov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ürfan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ürfan Orucov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ürfan Orucov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Sarkayev Nəcməddin Əli oğlu 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. Nəcməddin Sarkayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Sarkayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şərif kəndində torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Nəcməddin Sarkayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.