1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmi də olub.
Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq və ona maraq tezliklə sönəcək. Lakin bəşəriyyət xroniki sinematoqrafa aludə oldu.
Azərbaycan kino sənətinin tarixi isə 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasirAleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”,”Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət olub.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindənBakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.