Bu gün Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

0
399

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcəklər.

Həmçinin, iclasda “Beynəlxalq Ordu Oyunları-2019″un yekunları müzakirə ediləcək, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.

Bundan başqa, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.