Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür

0
388

Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 101 illiyi tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

Müasir Azərbaycan ədliyyəsinin yaranması – Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə – 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib. Yeni yaradılan Xalq Ədliyyə Komissarlığının səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib. Lakin 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni təsdiq edilən Əsasnaməsi ilə bu qurumun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib. Bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.

Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.

Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq – dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.

Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.

Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılır. Son illər ərzində dövlət büdcəsi hesabına və Dünya Bankı ilə birgə 50-dək məhkəmə üçün müasir bina və komplekslərin layihələri hazırlanıb, 9 məhkəmə binası və 6 məhkəmənin yerləşdiyi 2 məhkəmə kompleksi tikilərək istifadəyə verilib. Hazırda 5 məhkəmə üçün bina və komplekslərin inşası davam etdirilir. Bir çox bina və komplekslərin açılışlarında Prezident İlham Əliyevin şəxsən iştirakı, müvafiq tövsiyə və tapşırıqlarını verməsi dövlətimizin başçısının bu sahəyə yüksək diqqət və qayğısının göstəricisidir.

Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılıb və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşüb.

Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycan Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində “Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” adlı layihə ilə iştirak edib və ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq bilinib.

Mütərəqqi islahatlarımıza beynəlxalq marağın nəticəsidir ki, ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sisteminin inkişafına görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib.

Fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud ən mütərəqqi təcrübələrin tətbiqi baxımından proqram xarakterli sənəddir. Dövlətimizin başçısının bu Sərəncamından irəli gələn tədbirlərin reallaşdırılması istiqamətində tədbirlər ən yüksək səviyyədə ardıcıl şəkildə davam etdirilir.

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zərurətini diqqətə alan Prezident İlham Əliyevin imzaladığı cari il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla isə dövlətimizin başçısının humanistliyinin növbəti təzahürü olaraq, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb. Azərbaycanda məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasına xidmət edən bu Fərmanın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır.

Xüsusi qeyd olunmalıdır ki, bu gün ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə böyük diqqət yetirilir. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar nazirlik tərəfindən hazırlanan və elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan “Elektron notariat çantası” vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür. Maraqlı yeniliklərdən biri də “Elektron ədliyyə köşkü”dür. Yalnız Azərbaycanda mövcud olan bu “köşk” vasitəsilə təxirəsalınmaz hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkündür. Bu “köşk”lər sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılır. Bu qurğular videoəlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Həmçinin Azərbaycanın məhsulu olan “Mobil notariat qovluğu” proqramını telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. Təqdirəlayiq haldır ki, bu innovasiyalar qısa müddət ərzində tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq hüquq ictimaiyyətində böyük maraq doğurub. Bir sıra ölkələr Azərbaycanın bu təcrübəsindən bəhrələnməyə maraq göstərirlər.

Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının Azərbaycan ədliyyəsinə yüksək diqqət və qayğısının daha bir nümunəsi də bu sahədə çalışan əməkdaşların mütəmadi qaydada təltif olunmasıdır. Ötən il Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 68 nəfərin yüksək fəxri adlar, ali xüsusi rütbələr, orden və medallarla təltif edilməsi, eləcə də ötən gün təltiflərlə bağlı növbəti Sərəncamın imzalanması bu ali diqqətin bariz nümunələrindən biridir. Bu yüksək diqqət və qayğı ölkəmizdə ədliyyə sahəsində daha böyük uğurların əldə olunacağına qəti inam yaradır.