Bu dərmanın nə koronavirus, nə də metapnevmovirusa təsiri yox imiş – ŞOK AÇIQLAMA

0
28

Virus infeksiyalarının hökm sürdüyü payız-qış aylarında insanların əczaxanalardan soruşduğu və aldığı əsas dərmanlar antibiotiklərdir. Sözsüz ki, əhali arasında belə bir düşüncə var ki, qripə və ya buna bənzər hansısa virusa yoluxan zaman antibiotik içmək onu müalicə edir. Əslində, araşdırmalar, eyni zamanda həkim rəyləri bunun mif olduğunu təsdiqləyir. Eyni zamanda, yersiz istifadə edilən antibiotiklərin faydadan daha çox ziyan verdiyi məlum olur.

Mövzu ilə bağlı danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, istənilən virus infeksiyaları zamanı insanlar həkim məsləhəti olmadan əczaxanadan antibiotik alıb içirlər.

“Əslində, antibiotik dediyimiz preparatlar anti-bakterial preparatlardır. Bunlar sadəcə bakteriyaya təsir göstərir. Yəni hər hansı bir virusa təsiri yoxdur. İstər koronavirus olsun, istər qrip olsun, istər metapnevmovirus olsun, bunların heç birinə antibakterial preparatların effektivliyi, təsiri yoxdur. Hər bir antibiotikdən gərəksiz istifadə allergik reaksiyalara səbəb ola bilər.

Hər bir antibiotikin özünün qaraciyər, böyrək toksikliyi, bəzilərinin ürəyə toksik təsiri var. Yəni daxili orqanlara mənfi təsir edir. Bunlardan da əlavə, gərəksiz antibiotik istifadə etmək həm maddi ziyandır, həm də ən böyük problem bu antibiotiklərə qarşı rezistentliyin yaranmasıdır.

Gələcəkdə antibiotik istifadə etmək ehtiyacı yarandığı zaman biz bu bəsit antibiotiklərdən istifadə edə bilməyəcəyik. Çünki ona qarşı artıq rezistentlik yaranır. Bu rezistentlik də bir bakteriyadan digər bakteriyaya, bir insandan digər insana rahatlıqla ötürülə bildiyinə görə, gələcəkdə çətinliklər yaranacaq. Ciddi bir infeksiya olduğu zaman həmin şəxs məcbur olacaq ki, xəstəxana şəraitində yataraq və daha güclü, hətta yan təsirləri belə daha çox olacaq antibiotiklər istifadə etsin”,- deyə həkim əlavə edib.

O qeyd edib ki, antibiotikdən gərəksiz istifadədən qaçmaq lazımdır:

“Mən məsləhət görürəm ki, ümumiyyətlə, gərəksiz antibiotikdən istifadə etməkdən qaçaq. Eyni zamanda, həkim məsləhəti olmadan hər hansı bir antibiotik istifadə olunmasın. Əgər antibiotik istifadəsinə ehtiyac yaranıbsa, bunun həkim nəzarəti altında olması daha doğrudur.

Viruslarda antibiotikin hər hansı bir faydası yoxdur. Virus infeksiyasına yoluxan xəstələr başqa insanı yoluxdurmamaq üçün mütləq ev şəraitində istirahət etməli, evdə izolyasiya şəraitində qalmalı, bol maye qəbul edib hərarət salıcı dərmanlardan istifadə etməlidirlər”.

Uşaqlara yersiz antibiotik qəbul etdirmək onların sağlamlığına necə təsir edir?

Bu barədə Trend-ə danışan pediatr Aytən İsmayılzadə bildirib ki, uşaqlara gərəksiz şəkildə antibiotik vermək qəti qadağandır.

“Çünki uşaqlara vaxtından əvvəl antibiotik veriləndə immunitet zəyifləyir, bu zaman da virusla mübarizə zəyifləyir. Daha sonra bakterial ağırlaşmalar baş verir. Bu zaman təkrar antibiotik verilməsinə ehtiyac duyulur. Yersiz antibiotik veriləndə, əgər daha sonra, həqiqətən də, antibiotikə ehtiyac yaranarsa, bu zaman uşaq ikiqat artıq doza almış olur. Bunun da əlavə təsirləri daha çox olacaq.

Buna görə də valideynlərə məsləhətim budur ki, hər virus infeksiyası baş qaldıran kimi antibiotikə qaçmasınlar. Həkimlə məsləhətləşsinlər. Uşaqlara antibiotik həkim məsləhəti ilə, həkimin təyin etdiyi zamanda və miqdarda verilməlidir. Eyni zamanda, antibiotikin təyin edilməsi üçün qan analizlərinə ehtiyac var. Qan analizində bəzi testlər var ki, antibiotik göstəricisini təyin edir. İltihabi göstəricilərin yüksəlməsinə əsasən antibiotik məsləhət görülür”, – deyə o qeyd edib.