“Bu ərazilər qaytarılmasa, Azərbaycan bir neçə saatlıq əməliyyat keçirəcək” – Açıqlama

0
700

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin 19-20 sentyabrında isə ordumuzun həyata keçirdiyi antiterror tədbirləri ilə qondarma rejim özünü buraxdı və suverenliyimiz bərpa olundu. Buna baxmayaraq, hələ də işğal altında olan 7 anklav kəndimiz var ki, onların da aqibəti sual doğurur. Ümumən bu ərazilərin azad edilməsi prosesi hansı formada baş tuta bilər?

Politoloq Natiq Miri bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında əsas problem elə sərhədlərin müəyyənləşməsi ilə bağlıdır:

“Bu məsələnin də təxminən 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsi kontekstində həll olunması nəzərdə tutulur.

Ancaq ərazilərin ölçüsü hələlik birmənalı olaraq razılaşdırılmayıb. Ermənistan rəhbərliyinin konkret rəqəmlər ortaya qoymasına baxmayaraq, Azərbaycan heç bir zaman bu çərçivədə Ermənistanın ərazilərini tanımayıb və bu, dilə gətirilməyib. Ona görə də düşünürəm ki, 7 kəndimizin işğalda olması probleminin aradan qaldırılması məhz sərhədlərin delimitasiya və demarkasiya prosesində həll olunmalıdır. Yəni hələlik Azərbaycanın istəyi budur”.

N.Miri hesab edir ki, əgər sülh müqaviləsi imzalanarsa, bu məsələ hüquqi cəhətdən ədalətli həllini taparsa, təbii ki, Azərbaycan bu torpaqların yenidən onun yurisdiksiyasına qayıtmasında maraqlıdır: “Ancaq məsələ bu cür həll olunmazsa və Ermənistan prosesi yenə uzadarsa, düşünürəm ki, Azərbaycan onda işğalda olan ərazilərini azad etmək hüququnu özündə saxlayır və kimsə bu məsələyə etiraz edə bilməz”.

Müsahibimiz əlavə edib ki, Azərbaycanın 7 kəndinin işğal altında olması faktdır və işğalda olan ərazilərin azad edilmə hüququ BMT-nin nizamnaməsində birmənalı olaraq təsdiq edilib: “Ona görə də Ermənistan yenə zamana oynamaq, prosesi sabotaj etmək siyasətinə üstünlük versə və geridə qalan 3 il ərzində baş verən proseslərdən düzgün nəticə çıxarmasa, Azərbaycan Ordusu bir neçə saatlıq əməliyyat həyata keçirəcək. Bir sözlə, Ermənistan növbəti dəfə dəmir yumruq görmək istəyirsə, prosesi yenə də uzatmağa davam etsin”.

“Ötən illər bizə onu öyrətdi ki, rəsmi İrəvan hadisələrdən dərs çıxara bilmir. Bu da 7 kəndin işğaldan azadetmə prosesində hərbi məsələni yenidən gündəmə gətirir. Ona görə də bu məsələ Ermənistan rəhbərliyinin bundan sonrakı davranışından asılı olacaq. Əgər bu məsələ diplomatik səviyyədə həll olunmayacaqsa, əmin olun ki, Azərbaycan 7 kəndimizi də bir neçə saat ərzində azad edəcək və bu ərazilərdə də özünün suveren haqlarını təmin edəcək”, – deyə analitik fikrini yekunlaşdırıb./Konkret.az