“Azərbaycan və Avropa İttifaqı hər zaman etibarlı və səmimi tərəfdaş olublar. Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, düşmənçiliyə son qoyulması, sülh içərisində birgəyaşayışın təmin edilməsi, gələcəkdə baş verəcək silahlı qarşıdurmanın, təxribatların qarşısını almaq üçün Avropa İttifaqı tərəfindən səmimi vasitəçilik edilməsi hər kəsin marağındadır”.
Milli Məclisin deputatı Nurlan Həsənov Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, bir zamanlar bir-birinə ən qatı düşmən olmuş bəzi Avropa ölkələrinin postmüharibə dövründə yaşadıqları təcrübədən faydalanmaq vaxtıdır.
“Villi Brandtın dediyi kimi, “sülh hər şey demək deyil, amma sülh olmayan yerdə hər şey dəyərsizdir”, – deyə deputat əlavə edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın strateji maraqları, ölkəmizin uğurlu gələcəyi, təhlükəsizliyi naminədir.
“Prezidentin uzaqgörən və düşünülmüş manevrləri gələcəkdə ölkəmizi bir çox risklərdən qorumağa, regionumuzda davamlı sülhün bərqərar olunmasına yönəlib”, – deyə o bildirib.
Deputat qeyd edib ki, sülh olmayan yerdə hər şey yarımçıq olacaq.
“Bu təcrübəni 30 il torpaqlarımız işğal altında olduğu dövrdə yaşadıq və gördük. Prezident İlham Əliyev son Brüssel görüşündə də ölkəmizin haqlı və beynəlxalq hüquqa söykənən tələbləri ilə bağlı bir daha prinsipial mövqe nümayiş etdirdi. Bu, ölkəmiz, regionumuz üçün davamlı sülhün saxlanılması istiqamətində mühüm addımdır”, – deyə Nurlan Həsənov fikrini yekunlaşdırıb.
Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.