Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq – Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.
Birləşmiş Krallığın Arvopa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton, bazar ertəsi, 8 fevral tarixindən başlayaraq Azərbaycana iki günlük səfərə gələcək. Nazirin səfəri Birləşmiş Krallıq ilə Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.
Azərbaycana ilk səfərində Nazir Morton, Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.
Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq – Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.
Səfərindən əvvəl Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri qeyd etmişdir:
“Ölkələrimizin xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələri var. Covid-19 və Dağlıq Qarabağdakı münaqişədən sonra Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafını və daha yaşıl əsaslarda quruculuq işlərinə xüsusi diqqət ayıran Prezident Əliyev və Azərbaycan Hökuməti ilə gələcək əməkdaşlıq sahələrini müzakirə etmək üçün görüşməyi səbirsizliklə gözləyirəm.
“Birləşmiş Krallıq qadın hüquqlarının təşviqi sahəsində geniş miqyaslı səylər göstərməkdədir və mən də Azərbaycanda qadın hüquqlarını inkişaf etdirən və məişət zorakılığına qarşı mübarizə aparan ilhamverici qadın liderlərlə görüşməyi səbrisizliklə gözləyriəm.
“İstanbul Konvensiyasına imza ataraq qadınların qanuni hüquqlarını daha geniş şəkildə təşviq etmək üçün Azərbaycanda Qadınlar, Sülh və Təhlükəsizliklə bağlı ilk Milli Fəaliyyət Planının qəbul edilməsi istiqamətində Azərbaycan Höküməti ilə yaxından əməkdaşlıq edirik.”
Səfər çərçivəsində BK Naziri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər və Energetika nazirləri ilə də görüşlər keçirəcək və cari ilin noyabr ayında Qlazqoda təşkil olunacaq “COP26” zirvə görüşündən əvvəl bərpa olunan enerjiyə keçid və istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün Azərbaycanla əməkdaşlığın inkişaf yollarını müzakirə edəcək.
Nazir Morton, Təhsil naziri ilə görüşərək “British Council”-ın ingilis dili proqramlarının gənclərin həyatına verdiyi müsbət təsiri müzakirə edəcək və qabaqcıl Birləşmiş Krallıq təhsil müəssisələrinin Azərbaycandakı məzunları ilə görüşmək üçün “British Council”-in Britaniya Məzunlarının Təltif olunması mərasiminə qatılacaq. Nazir, Azərbaycan Respublikası Milli Məclisinin qadın sədri ilə görüşdə hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsini müzakirə edəcək və Azərbaycanda qadın hüquqlarını müdafiə edən tanınmış qadın liderlərlə görüşəcək.