Britaniya parlamentinin üzvü Azərbaycan Prezidentini təbrik edib

0
361

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən 28 May Respublika günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimizi çatdırırıq.

Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlərin tarixinin 100 il əvvələ – Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxmasına baxmayaraq, əlaqələr ölkəniz müstəqilliyini bərpa etdikdən sonra daha da inkişaf etdi və möhkəmləndi. Ölkələrimiz arasında münasibətlər səmimi dostluğa, qarşılıqlı inam və etimada əsaslanan möhkəm təməl üzərində qurulub. Əminik ki, Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələr gələcək illərdə daha da inkişaf edəcəkdir.

Ümid edirik ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tezliklə bərpa edəcəkdir. İcazə verin, həmçinin COVID-19-a qarşı mübarizə apardığı bu çətin vaxtlarda Azərbaycanla həmrəyliyimizi ifadə edək.

Zati-aliləri, xahiş edirik Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının davamlı inkişafı üçün bütün səylərinizdə böyük uğurlar arzularımızı qəbul edin.