Braziliyada keçirilən videokonfransda Azərbaycan multikulturalizmindən danışılıb

0
700

Avqustun 14-də Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Baş Prokurorluğunun Ali Məktəbi tərəfindən təşkil olunan “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda qonaq qismində iştirak edib.
Azərbaycanın Braziliyadakı səfirliyindən səfir Elxan Poluxov “Dini azadlıqlar – multikulturalizm siyasətinin tərkib hissəsi kimi” adlı paneldə “Azərbaycan Konstitusiyasında və qanunlarında multikulturalizm və dini azadlıqların əsasları” mövzusunda mühazirə ilə çıxış edib. O, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən multikulturalizm siyasəti, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında əks olunmuş dini və insan azadlıqlarına dair maddələr, həmçinin 2001-ci ildə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Diplomat Ermənistanın ölkəmizə qarşı təcavüzünə nəticəsində Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına baxmayaraq, respublikamızda bütün azadlıqların təmin edildiyi, Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində dinc əhalinin atəşə tutulması ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
“YouTube” vasitəsilə yayımlanan videokonfransda, Braziliyanın Baş prokuroru Antonio Augusto Brandao de Aras, Rio-de-Janeyro Ştatının Əmək məsələləri üzrə prokuroru Cassio Casagrande, Bahya Ştatının Əmək məsələləri üzrə prokuroru Rosangela Lacerda, Braziliya Ali Əmək Tribunalının hakimi Claudio Mascarenhas Brandao, ölkə üzrə fəaliyyətdə olan digər prokurorlar və dini azadlıq üzrə müxtəlif universitetlərin professorları iştirak ediblər.
Qeyd edək ki, konfrans iştirakçılarına səfirlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan multikulturalizminə aid materiallar göndərilib.
Ali Məktəb tərəfindən konfransın nəticələri və orada səslənən çıxışlardan ibarət jurnalının nəşri nəzərdə tutulub.