İstanbulda baş verən zəlzələ Rusiya mətbuatında da gündəm olub. Ruslar da İstanbul üçün təhlükənin tam aradan qalxmadığını düşünürlər.
Bu barədə “Türkrus” saytı məlumat yayıb.
Bildirilib ki, İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra rusiyalı zəlzələ mütəxəssisləri Mərmərə dənizində seysmik aktivliyin getdikcə təhlükəli hala gəldiyinə diqqət çəkib. Onlar vurğulayıblar ki, mümkün böyük zəlzələ ssenarisi artıq elmi konsensusa çevrilib.
Moskvada yerləşən Geofizika İnstitutunun professoru Aleksandr Kuzin böyük dağıntılara səbəb olacaq zəlzələnin yaxın olması ilə bağlı xəbərdarlıq edib: “Belə mülayim zəlzələlər İstanbulun altındakı qırılma xətlərinin gərginləşdiyinin göstəricisidir. Böyük dağıntılara səbəb ola biləcək ssenari artıq uzaq bir ehtimal deyil”.

Ekspert 1999-cu ildə Gölcük zəlzələsindən sonra bölgədə enerji yığılmasının davam etdiyini və xüsusilə İstanbulun Avropa tərəfinin yüksək risk altında olduğunu vurğulayıb.
“Mərmərə dənizinin altındakı seqmentlər hər il daha aktivləşir. Bu cür zəlzələlər İstanbula yaxınlaşan bir xəbərdarlıqdır. Türkiyədə bina ehtiyatı və urbanizasiya sıxlığını nəzərə alsaq, hazırlıq səviyyəsi yerli əhalinin təhlükəsizliyi üçün kritikdir”, – deyə geofizik Andrey Demin xəbərdarlıq edib.