Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını iki dəfə artıracaq. Qərar Azərbaycan gəmilərinə də aiddir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı “Report”a təsdiq edib.
“Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollar keçid haqqı ödəyirdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq”, – deyə o, əlavə edib.
Yeri gəlmişkən qeyd edək ki, Misir də 2023-cü il yanvarın 1-dən Süveyş kanalından keçid haqqını artırır. Bu barədə kanal idarəsinin rəhbəri Osman Rabie xəbər verib. Onun sözlərinə görə, 2023-cü il ərzində yük daşıyıcıları və kruiz gəmiləri üçün tranzit ödənişləri 10%, digər növ gəmilər üçün isə 15% artacaq.