Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin, digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.
“Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrini əməl etməyərək zəruriyyət olmadan belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə qeyd olunduğu kimi fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və yoluxma riskini artır.
Mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsini zəruri edir. Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək.
Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər həmçinin, onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər”, – deyə BNA-nın yaydığı məlumatda bildirilib.