BNA 46 milyonu olmayan quruma xərcləyib? – Ekspertlər

0
605

Bakıda 2018-ci ildə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi, nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və məsləhət xidmətləri haqqının ödənilməsi ilə bağlı 46 milyon manat vəsait xərclənib. Bakıda nəqliyyat sisteminin, xüsusilə buna nəzarət məqsədilə yaradılan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin demək olar işləmədiyi və yaranan tıxaclara hələ də yol polislərinin müdaxilə etdiyi bir vəziyyətdə bu qədər vəsaitlə strukturun niyə qurulmadığı diqqət çəkir.

Mövzunu Axar.az-a şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu vəsaitin hansı şirkətə ayrıldığı və bunun qarşılığında hansı işlər görüldüyü açıqlanmayıb.

O.Güdüz bildirib ki, faktiki orada Bakıda nəqliyyatının intellektual idarəsindən söhbət belə gedə bilməz:

“Bu gün ən ciddi problem ondan ibarətdir ki, 150 milyon manata qədər vəsait qoyulan Nəqliyyatın İntellektual İdarəetmə sistemi fəaliyyət göstərmir. Yəni indiki Bakı Nəqliyyat Agentliyinə qalan miras işləməyən, heç bir işə yaramayan miras olub. Bu, faktiki çökmüş bir sistemdir. Hamı şahiddir ki, bu sistem ümumiyyətlə işləmir, çevik və operativ deyil. Məsələn, tıxaclardan yayınmaq üçün alternativlər təqdim olunmur, dayanacaqlardakı monitorlar işləmir, sms xidməti yoxdur.

Maraqlıdır, bu vəsait hansı şirkətə ayrılıb və bu vəsit qarşılığında hansı işlər görülüb? Bu açıqlanmalıdır, çünki ayrılan vəsait az deyil”.

O.Gündüz bildirib ki, Nəqliyyatın İntellektual İdarəetmə sisteminin təhvil-təslimi həyata keçirilməyib:

“Bakı Nəqliyyat Agentliyinin strukturunda NİİM görünmür, yoxdur. Bəs, bu işləri kim görür? Ayrılan vəsait necə xərclənib?”

O.Gündüz bildirib ki, adətən məsləhət xidməti üçün 1-2 milyon manata qədər vəsait ayrılır:

“Məsləhət xidmətləri haqqının ödənilməsi o deməkdir ki, yəni, bu sistemin bərpası ilə bağlı dünya təcrübəsinin öyrənilməsi üçün adətən ya xarici ya da daxili bir şirkət cəlb olunur. Bu şirkət də başlayır məsləhətlər verməyə ki, bunu belə etmək, onu elə etmək lazımdır. Bu məsləhəti verən kimdir, kim dəvət olunub bu məsləhət üçün, onlar da açıqlanmalıdır. Çox güman ki, təkcə məsləhətə bu qədər vəsait ayrılmayıb. Yəqin ki, bu vəsait ümumi xərclənib.

Məsələn, ötən il NİİM-də nəhəng bir monitor quraşdırıldı. Dünyada o monitorun analoqu yox idi. O monitorun xidməti, fəaliyyətləri, onun ehtiyat hissələri üçün vəsait ayrılıb, ancaq hesabat verilmədiyi üçün ictimaiyyət bilmir. Həmçinin monitorun effektivliyi, nə işə yaradığı, onunla nəyə nail olunduğu da açıqlanmayıb. Hesabat açıqlansa, şübhələr də yaranmaz”.

Nəqliyyat eksperti Azər Allahverənov da bildirib ki, bu kimi büdcə məsələləri, ayrılan vəsait, xərclərin yönləndirilməsi ilə bağlı məsələlərə Bakı Nəqliyyat Agentliyinin açıqlama verməsi məqsədəuyğun olar:

“Ona görə ki, məhz Bakı şəhəri üzrə Nəqliyyatın İntellektual İdarə edilməsi bilavasitə BNA tərəfindən həyata keçirilir. Açıqlanan vəsait ümumi rəqəmdir. Məsələnin əhəmiyyətli tərəfi həmin vəsaitin hansı istiqamətlərə xərclənməsi ilə bağlıdır. Bu məlumatı da ancaq Bakı Nəqliyyat Agentliyi verə bilər.

Bu gün nəqliyyat sistemində olan problemlər aydındır və Bakı Nəqliyyat Agentliyi də bunu etiraf edir. Bəllidir ki, bu problemlərin aradan qaldırılması çoxlu vəsait və zaman tələb edir”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, burada nəqliyyat sisteminin yaxşılaşdırılması, Nəqliyyatın İntellektual İdarəetmə sistemi ilə əlaqədar kameraların alınması, monitorların quraşdırılması, elektron cihazların alınması, xarici mütəxəssislər tərəfindən rəylərin öyrənilməsi, onların müxtəlif layihələr, proqramlar təklif etməsi müqabilində ödənilən vəsaitdən söhbət gedir:

“Bildiyiniz kimi, BNA dayanma-durma qaydalarının pozulması ilə bağlı elektron protokollar tərtib edir. Bunun üçün də demək olar ki, Bakının bütün küçə və prospektlərinə kameraların quraşdırılması zərurəti yaranıb. Bütün bunlar da hamısı xərc tələb edən və çox pul aparan əməliyyatlardır. Kameralar da görüntünü, nömrəni dəqiqliklə götürə bilən çox keyfiyyətli kameralardır. Hətta o kameraların gecə görüntüsü də çox keyfiyyətlidir. Bütün bunlar xərc tələb edən məsələlərdir və belə xərclər hələ davam edəcək. Çünki nəqliyyat sahəsində illərdir yığılıb qalan problemlərin həlli çox vəsait tələb edir. Bu səbəbdən hesab edirəm ki, bu qədər vəsaitin ayrılması normaldır”.