BMT TŞ-ni iflic edən əsas səbəb – Şərh

0
366

Dünya beş dövlətdən ibarət deyil. Bu mənada BMT TŞ-da daimi üzvlük ləğv edilməlidir. Bu gün Türkiyə, Hindistan, Braziliya, Nigeriya, Yaponiya kimi ölkələr xüsusilə sistemdən narazıdırlar. Əgər təşkilat vaxtında dəyişiklər etməsə, düşünürəm, dünya dövlətləri tərəfindən qeyri-ciddi hesab ediləcək.

Bu sözləri  Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı Təhlükəsizlik Şurası haqda dünya liderlərinin səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O qeyd edib ki, dünya ölkələri BMT Təhlükəsizlik Şurasının fəaliyyətindən çox narazıdır:

“Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə yaradılmış, hazırda 193 üzv ölkə ilə dövlətlərarası beynəlxalq təşkilatdır. Təşkilatın əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Lakin təəssüf ki, bu gün təşkilat dünya dövlətlərinin gözləntilərini doğrultmur. Haqlı səbəblərdən bir çox dünya lideri bu təşkilatın fəaliyyətsizliyindən gileylənir. Düzdür, təşkilatın dünya miqyasında gördüyü işlər təqdirə layiqdir, lakin humanitar, iqtisadi, mədəni sahədə əldə edilən uğurlar təəssüf ki, siyasi və beynəlxalq münasibətlər sahəsində əldə edilmir.

Bu gün dünya tarixində heç olmadığı qədər aktiv və dondurulmuş münaqişə ocaqları, həmçinin kiçik və böyük müharibə ocaqları var. Düşünürəm, dünya üzərində bu qədər çox müharibə və münaqişənin olmasının əsas səbəbi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıdır. Bu qurum BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır və BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasından əsas məsuliyyət daşıyır.

BMT TŞ-nin beş daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü var. Bu gün bir çox ölkənin qurumdan narazı olmağının başlıca səbəbi də məhz bu 5 daimi üzvün olmasıdır. Çünki Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ son 10 ildə vahid bir qərara gələ bilmir. Xüsusilə Çin və Rusiyanın qərarlarına Fransa, Böyük Britaniya ABŞ-ın və ya əksinə, Fransa, Böyük Britaniya və ABŞ-ın qərarlarına Çin və Rusiyanın veto qoyması bu qurumu fəaliyyətsiz hala gətirir. Bu isə dünyada münaqişələrin həllinə imkan vermir.

Almaniya, Yaponiya və s. ölkə liderləri Təhlükəsizlik Şurasının genişləndirilməsini təklif etdi. Bu, əslində, bir daha onu göstərir ki, dünya dövlətləri mövcud sistemdən narazıdır və hər bir ölkənin təşkilatda eyni hüquqa, statusa malik olmasını istəyir”.