BMT talibləri şallaq və açıq edamları dayandırmağa çağırıb

0
179

Birləşmiş Millətlər Təşkilatı (BMT) “Taliban”ı açıq edamlar, şallaq və daşqalaqlara görə tənqid edib və Əfqanıstan hakimiyyətini bu cür əməlləri dayandırmağa çağırıb.

BMT-nin Əfqanıstana Yardım Missiyasının hesabatına əsasən, təkcə son 6 ayda Əfqanıstanda 274 kişi, 58 qadın və iki oğlan uşağı açıq şəkildə şallaqlanıb.

“Cismi cəza işgəncələrə qarşı Konvensiyanın pozulmasıdır və dayandırılmalıdır”, – deyə BMT-nin İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Fiona Freyzer bildirib.

O, həmçinin edamlara dərhal moratorium tətbiq edilməsinə çağırıb. Taliban Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, Əfqanıstan qanunları İslamın qayda və prinsiplərinə uyğun olaraq müəyyənləşir. “Beynəlxalq insan haqları hüququ ilə İslam hüququ arasında ziddiyyət yaranarsa, hökumət İslam qanunlarına əməl etməyə borcludur”, – deyə nazirliyin bəyanatında qeyd olunub.