BMT “Dağlıq Qarabağ respublikası”nı tanımır – ŞƏRH

0
529

  

 BMT “Dağlıq Qarabağ respublikası”nı tanımır - ŞƏRH
Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı məktubla bağlı qeyd etmək lazımdır ki, BMT-nin nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən, təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşündüyü informasiyaları digər üzv ölkələrin və təşkilatın Katibliyinin nəzərinə çatdırmaq məqsədi ilə sənəd yaymaq hüququna malikdir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz rejimin hesabatının BMT-də yayılmasını şərh edərkən deyib.

O, bildirib ki, BMT-yə üzv ölkənin Daimi Nümayəndəliyi adından belə müraciət beynəlxalq sülh və təhlükəsizlik, ticarət, inkişaf və digər məsələləri özündə əks etdirə bilər. Məktubun məzmunu üzv dövlətin məsuliyyətindədir. Hətta indiyədək BMT-nin sənədi kimi daimi nümayəndəliklərin şeir yayması halları da baş verib.

“Katiblik öz növbəsində BMT-yə üzv ölkələrin daimi nümayəndəlikləri tərəfindən təqdim olunmuş sənədləri yaymaq öhdəliyi daşıyır. Sənədlər təşkilatın müvafiq loqosu və Təhlüksizlik Şurasının, Baş Assambleyanın və BMT-nin digər orqanlarının növbəti sessiyalarının gündəlik maddələri çərçivəsində yayımlanır. Gündəlik maddəsi məktubun müəllifi, daha dəqiq desək, üzv ölkənin Daimi Nümayəndəliyi tərəfindən müəyyən olunur.

Təəssüf ki, tez-tez üzv ölkələrinin bu hüquqdan sui-istifadə etməsi və BMT-nin Nizamnaməsinə zidd sənədlər yayması hallarına rast gəlinir. O cümlədən, Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil. Hər halda məktubun müəllifi təşkilatın rəsmi üzvü, bu halda isə Ermənistandır. Ermənistan KİV-də qondarma “DQR”in sənədi adlandırdıqları bu məktubun BMT-nin sənədi kimi yayılmasına dair məlumatlar həqiqəti əks etdirmir. BMT qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və təşkilatın Katibliyi qaydalara uyğun olaraq Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin məktubunu yayıb və bu da onun rəsmi statusudur”.

Məktubun mahiyyətinə gəldikdə isə F.Şəfiyev qeyd edib: “Emənistanın yerli azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə törətdiyi və BMT TŞ-nin müvafiq qətnamələri və BMT-nin Nimzanaməsinin pozulmasına yönəlik fəaliyyət həyata keçirdiyi işğal olunmuş torpaqlarla bağlı hansı dayanıqlı inkişaf, demokratiya və humanitar məqsədlərdən danışmaq olar? Azərbaycan da öz növbəsində müvafiq məktub yaymağa hazırlaşır. Ermənistan Daimi Nümayəndəliyinin bu təxribatı beynəxlaq səviyyədə tanınmış Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu bir daha açıq şəkildə göstərir”.