Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında Azərbaycan Respublikasının ərazilərini işğal edən təcavüzkar Ermənistan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri barədə geniş və əhatəli məruzə dərc edilib.Əsas müəllifi professor, kral vəkili Malkolm Şou (Böyük Britaniya) olan bu məruzənin əsas müddəaları aşağıdakılardır:
• Ermənistanın nizami silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal olunmasında bilavasitə iştirak ediblər.
• Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində oyuncaq rejim qurub və onun mövcudluğunu müxtəlif üsullarla, o cümlədən həmin ərazilərdə hərbi iştirakını saxlamaq yolu ilə dəstəkləməkdə davam edir. Ermənistan oyuncaq rejim pərdəsi arxasında özünün təcavüzkar rolunu gizlətməyə çalışaraq beynəlxalq hüququn bu pozuntularına görə məsuliyyəti öz üzərindən götürə bilməz.
• Beynəlxalq hüquq güc tətbiq edilməklə ərazilər əldə olunmasını qadağan edir. Buna görə də Ermənistan və ya onun oyuncaq rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində görülən hər hansı tədbir bu ərazilərin əvvəlki hüquqi statusunu dəyişdirə bilməz və beləliklə həmin ərazilər beynəlxalq hüquqa görə Azərbaycan əraziləri olaraq qalır.
• Ermənistan onun tərəfindən beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqları hüququnun pozulmasına görə dövlət məsuliyyəti daşıyır. Bu cür pozuntular sırasına Azərbaycanın işğal olunmuş ərazilərinə şamil edilən qanunlarını və hüquq sistemini dəyişdirmək cəhdləri, əmlak hüquqlarına qəsd edilməsi, mədəni və tarixi əhəmiyyətli obyektlərin dağıdılması və ya məhv edilməsi, işğal olunmuş ərazilərdə erməni məskənlərinin yaradılması, himayə edilən şəxslərlə lazımınca davranılmaması və onların zorakılıqla yox edilməsi aiddir.
• Ermənistan həm törətdiyi pozuntulara son qoymalı, həm də bu pozuntularla bağlı ziyanı ödəməlidir. Beynəlxalq humanitar hüquqa və beynəlxalq insan haqları hüququna görə bu cür öhdəliklərə Ermənistana münasibətdə qüvvədə olan mexanizmlər, məsələn, BMT-nin insan haqları üzrə müqavilə orqanları və müvafiq beynəlxalq məhkəmə təsisatları tərəfindən nəzarət edilə və həyata keçirilə bilər.
• Təcavüzün gedişində Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımına gəldikdə isə buna görə fərdi məsuliyyət milli məhkəmələr, o cümlədən cəlb edilmiş müxtəlif dövlətlərin və ya üçüncü dövlətlərin məhkəmələri vasitəsilə həyata keçirilə bilər, Ermənistanın bir dövlət kimi məsuliyyəti isə müvafiq dövlətlərarası mexanizmlər vasitəsilə təmin edilə bilər.
Ermənistanın işğalçı siyasətini ifşa edən məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi statusu ilə nəşr edilib və yayılıb.