BMT-də Laçın yolu müzakirələri: Əliyev Marqaryanı susdurdu

0
182

BMT Təhlükəsizlik Şurasında Laçın yolunda keçirilən aksiya müzakirəyə çıxarılıb.

Ermənistanın müzakirələrin keçirilməsi istəyi BMT TŞ-nin üzvü Fransanın dəstəyi ilə baş tutub.

Müzakirələrdə İrəvan BMT-nin Qarabağa “faktaraşdırıcı missiya” göndərməsini istəyib. Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan iddia edib ki, Qarabağda humanitar problemlər yaranıb və vəziyyəti yerində öyrənmək üçün “missiya” göndərilməlidir.

Ermənistanın məqsədi azərbaycanlıların Xankəndi yolunda keçirilən aksiyasının qarşısını almaq və Qarabağdakı separatçı-terrorçu rejimin BMT səviyyəsində “tərəf” kimi tanınmasına nail olmaqdır.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bu iddialara cavab verib.

“Azərbaycanda “Dağlıq Qarabağ” adlı rayon yoxdur. Ermənistanın və bəzi Şura üzvlərinin səhvən “Dağlıq Qarabağ” adlandırdıqları Qarabağ Azərbaycanın 30 ilə yaxın müddətdə erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınmış suveren regionudur və bu, Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha təsdiq edilib. Azərbaycanın bu ərazisinin hüquqi adı hazırda Qarabağ İqtisadi Rayonu və ya qısaca ekvivalenti ilə Qarabağ bölgəsidir”, – o deyib.

Y.Əliyev əlavə edib ki, nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlamayıb: “Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı rejim dəyişməz olaraq qalır, sülhməramlılar isə marşrutun mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə təcili yardım avtomobilləri və humanitar yardım karvanları da daxil olmaqla, müxtəlif növ nəqliyyat vasitələrinin yoldan maneəsiz keçidi əks olunub. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər, məsələn, minaların basdırılması və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə üçtərəfli Bəyanatın şərtlərinin pozulmasıdır və buna yol verilə bilməz”.

Müzakirələr saat yarım davam edib. BMT TŞ-nin ondan çox ölkəsi, o cümlədən, daimi üzv ölkələrin diplomatları çıxış edib. Fransa nümayəndəsi Laçın yolunun “açılmasını” və BMT “missiyasının” Qarabağa getməsi tələbini irəli sürüb.

ABŞ nümayəndəsi də çıxışını Laçın yolunun açılması məsələsi üzərində qurub. Rusiya nümayəndəsi isə Moskvanın “fəal vasitəçiliyi”ndən bəhs edib.

Hərçənd, bütün bunlar müzakirələrdən o tərəfə keçə bilməz. Çünki istər Xankəndi yolundakı dinc aksiya, istərsə Qarabağ iqtisadi rayonunda təbii sərvətlərimizin talanması, ekoloji terrorun törədilməsi, istərsə bu ərazilərdə Azərbaycanın suveren haqları beynəlxalq hüquqda öz təsbitini tapıb və BMT-nin özü tərəfindən dəstəklənir