“Bizim insanlar o qədər sadədir ki, deyilən hər şeyə inanırlar” – MÜNASİBƏT BİLDİRİLDİ

0
54

“Texnologiya heç zaman pis ola bilməz. Texnologiya o vaxt pis olar ki, insanlar ondan öz məkrli planlarını həyata keçirmək üçün istifadə edirlər”. Bu sözləri açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Atom Elektrik Stansiyası da var, Atom bombası da var: “Sivil, mədəni insanlar atomdan elektrik enerjisi alıb onu məişətdə minlərlə cihazları işlətmək üçün insanların xidmətinə verirlər. Amma imperialist qüvvələr atom bombası düzəldib başqa ölkələrə xox gəlir. Yaponiyaya atom bombasından atıb yüz minlərlə insanı məhv ediblər.

Fırıldaqçılar, cinayətkarlar, mənfi enerjili insanlar müxtəlif yollarla insanları aldadır, onların evlərindən oğurluq edir, sağlamlıqlarına qəsd edirlər, onların xüsusi mülkiyyətində olan bir çox varidatı əldə edirlər. Bu məkrli planı həyata keçirmək üçün onlar avtomobillərdən istifadə edirlər, yaxud da, digər ictimai təsisatlardan yararlanırlar. Üzlərinə maska taxırlar, silahdan istifadə edirlər və sair. Bunu əsas götürərək “texnologiya insanların xəyal dünyasına mənfi təsir edir” deyə bilmərik. Texnologiyalardan istifadə edənlər digərlərinin həyatına qəsd edə, mənfi təsir göstərə bilərlər. Ona görə də, dünyanın ən yaxşı texnologiyalarını Azərbaycana gətirən zaman həm də onu düşünməliyik ki, bu texnologiyalardan mənfi mənada istifadə edən fırıldaqçılar, quldurlar ola bilər. Ona görə də, biz çox da texnologiyaların mənfiliyindən yox, insanların əxlaqından, mənəviyyatsızlığından, cinayətə meylli olmasından və onları bu yola sürükləyən səbəbləri araşdırmalıyıq. Bıçaq mətbəxdə istifadə olunan alətdir, həm də soyuq silahdır, baxır ondan kim istifadə edir. Bu mənada texnologiyaların bütövlükdə insan həyatını asanlaşdıran, bəşəriyyəti daha qabağa aparan format olaraq qəbul etməliyik. Dünyada texnologiyalardan, həmin atomdan başqa planetləri ram etmək, oraya uçmaq üçün istifadə olunur, o istiqamətdə tədqiqatlar aparılır, amma bizdə hələ də texnologiyalardan oğruların daha çox istifadə etdiyini görürük. Həmin fırıldaqçılar, bəlkə də, ağıllı adamlardır ki, süni intellektdən istifadə edib planlar qururlar.

Cəmiyyətin sivil münasibətləri, norma, dəyərləri öz üzvündən, ictimaiyyətin hər nümayəndəsindən daha çox müsbət məsələlərə yönəlməsini tələb edir. O cümlədən də, bizim insanlar da cinayətə, fırıldaqçılığa yox, öz əməyinin məhsulu olaraq varlanmağa meyl göstərəcəkdilər. Yaşlı nəslin nümayəndələri, cavanlar, fərqi yoxdur, o qədər cinayət növləri var ki, təəssüflər olsun ki, bu cinayət növləri onlayndır deyə, çox da onların açılmasına hüquq mühafizə orqanları da çətinlik çəkirlər. Hüquq mühafizə orqanlarında o qədər süni intellektlə bağlı əməkdaşlar mütəxəssislərin köməyindən istifadə etmirlər deyə, problem elə ki, ümumiləşir, ondan sonra onun üzərinə cəmiyyət də düşür”.

“Yaxın bir adamın başına da belə bir iş gəlmişdi. Mənim adımdan istifadə edib, guya SOCAR-dan ekoloji layihə keçirildiyini və çox yüksək məvacibli sürücü tələb olunduğunu demişdilər. Həmin adam da aldanıb. Daha sonra Neftçilər xəstəxanasında sürücünün sağlamlığı ilə bağlı arayış lazım olduğunu bildirib həmin adamdan 120-150 manat pul oğurlamışdılar. Biz nömrələrini də, kartlarını da ictimailəşdirdik. Təəssüflər olsun ki, heç bir reaksiya olmadı. Ölkədə tanınmış adamların böyük əksəriyyətinin qohumlarını beləcə aldadıblar. Hamı da ayıbdır deyə, bunu ictimailəşdirmir. Ona görə də, daha böyük fırıldaqçılıq növü yaranıb. Süni intellektdən istifadə edib həm şantaj, həm pul qazanmaq, həm insanların həyat və ləyaqətini, nüfuzunu alçaltmaq kimi metodlardan daha çox yararlanacaqlar. Xüsusilə də, siyasi məsələlərdə, seçkilərdə istifadə olunanda daha çox dəhşətdir. Biz bunu ABŞ-ın prezident seçkilərində gördük. Amerikalılar rusları, iranlıları, koreyalıları günahlandırdılar, amma fakt odur ki, süni intellektdən hər kəs istifadə edə bilər. Bunun qarşısını almaq üçün mütəxəssislərdən ibarət yalançı, saxta informasiyanı ayırd edən xüsusi dövlət qurumunun yaradılmasına ehtiyac var. İnsanlar kütlvi informasiyaya daha çox inanır, nəinki olan təkziblərə. Eyni zamanda bizim cinayət və inzibati məcəllədə də dəyişiklik olmalıdır. Saxta informasiya digərlərinin həyatını və şəxsi məlumatlarına müdaxilə edib onu sosiallaşdıran şəxslərə qarşı mütləq mübarizə aparmaq lazımdır. Artıq inzibati məsuliyyət yox, birbaşa cinayət məsuliyyəti, böyük cərimələr tətbiq etmək lazımdır ki, o insan bütün ömrü boyu işləsin, cərimələri ödəsin. Cərimələr 50-100 min manat həcmində olmalıdır ki heç kim risk edib başqalarının həyatına müdaxilə etməsin. Bununla bağlı dövlət konstitusiyada dəyişiklik edib. Orada başqalarının icazəsi olmadan şəxsi informasiya, video, şəkillərini çəkmək qadağandır. Edirsinizsə, buna cinayət məsuliyyəti daşıyırsınız. Hüquq mühafizə orqanları bununla bağlı çoxlu cinayət işləri açıblar, dəfələrlə qadınlarımızı şantaj edən, tanınmış adamları təhqir yazan insanlar 3 ildən yuxarı həbs olunub, əgər həmin şəxs şikayətçi olmayıbsa. Bunu daha da ağırlaşdırmaq lazımdır. İstifadə olunan texnikanın xüsusi nömrəsi olur, o nömrə ilə həmin adamı tutmaq olar. Bankların da bu mənada vətəndaşlara, yaşlı nəslə xüsusi diqqəti üçün ayrıca əməkdaşlığın ayrılmasına ehtiyac var. Şübhəli əməliyyat görürsə, ona stop qoyub yaşlı adamla əlaqə saxlamalı, fırıldaqçıların toruna düşdüyünü izah etməlidirlər. Bilirsiniz ki, hər yaşlı nəslin nümayəndəsi texnologiyalardan istifadə edə bilmir, yaxud da, bizim insanlar o qədər sadədir ki, deyilən hər şeyə inanırlar.

Vətəndaşlarımıza demək istəyirik ki, heç kimdən utanmadan o dəqiqə həmin adamın müraciətini yoxlayın, qohuma zəng edin, pul verməyin, lazım olanda real olaraq banklara gedin, pulu köçürən zaman yenə də həmin adama zəng edin, ondan sonra pulları köçürdün. Kart nömrəsini heç kimə, oğlunuza, qızınıza belə verməyin. Çünki onların da səsini dəyişə bilərlər” – deyə o, əlavə edib.