Bitki mənşəli yağlara dair sanitar norma və qaydalar hazırlanıb

0
488

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bitki mənşəli yağlara dair sanitariya norma və qaydaları layihələrini hazırlayıb.

Bunu AQTA-nın sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək, yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxal-ixrac əməliyyatlarının, laborator müayinələrin təhlili nəticəsində ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilib:

“Bu problemlər üzrə “Palma yağı”, “Trans yağ”, “Fındıqda aflatoksin”, “Quş əti məhsullarında Salmonella, “Çiy süd və süd məhsullarında Brucella” üzrə risk profilləri hazırlanıb”.

Sədr qeyd edib ki, qida məhsullarının tərkibində trans yağ turşularının miqdarının minimuma endirilməsi məqsədilə trans yağ turşularının elmi risk qiymətləndirilməsi aparılıb:

“Bitki mənşəli yağlara dair sanitariya norma və qaydalarının layihələri hazırlanıb. Yaxın gələcəkdə qəbul ediləcək bu norma və qaydada bitki mənşəli yağlarda trans yağların kütlə payının iki faizdən çox olmaması ilə bağlı tələb öz əksini tapacaq”.