Bitki çaylarının qəbul edilməsi təsirli vasitədir

0
396

ən çox sevilən içkilərdən biri çay sayılır. Xüsusən də insan orqanizmi üçün faydalı olan bitki çayları əvəzolunmazdır. Bitki çaylarının qəbulu sağlamlığın qorunmasında, çəki atmaq, immunitet sisteminin gücləndirilməsi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir. Ona görə də hansı bitki çayının nəyə yaxşı təsir etdiyini və hazırlanma qaydasını bilmək də vacibdir.

Həkim-fitoterapevt Elnur Eldaroğlu deyib:

“Bitki çaylarını dəmləyərkən onun temperaturu 70-80 dərəcədən çox olmamalıdır, çünki daha yüksək temperaturda dəmləyəndə təsiri bir qədər zəifləyir. Elə çay ola bilər ki, allergiyaya, mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb olsun, ona görə də bunları nəzərə almaq lazımdır. Bitki çayları ilə müalicə iki aya qədər davam edə bilər”.

Bitki çayları tərkibindəki efir yağları, antioksidantlar və digər birləşmələrə görə sağlamlıq üçün faydalı hesab olunur. Həkim-fitoterapevtin dediyinə görə, qida qəbulundan sonra həzm narahatlığı olduqda nanənin limonlu çaya qarışdırıb içilməsi ən yaxşı yardımçı vasitədir. Qara çaya razyana qatılıb içilməsi köp problemini aradan qaldırır. Qara çaya bir çubuq darçın əlavə edilməsi insulin çatışmazlığı zamanı faydalı təsir göstərir. Darçın şəkərə olan tələbatı və insulin çatışmazlığını aradan qaldırır.

Bitki çaylarını mütəmadi olaraq həddindən artıq istifadə etdikdə sağlamlığa ciddi ziyan verə bilər. Mütəxəssislər hesab edirlər ki, bitki çaylarını istifadə etməzdən əvvəl onların tərkibi haqqında məlumatlı olmaq lazımdır. Həkim-fitoterapevt deyib:

“Yuxarı tənəffüs yollarının problemi ilə üzləşəndə cökə çayından istifadə etmək olar, bal və limon əlavə edilmiş itburnu çayı da təsirli vasitədir. Sarıkök və zəncəfil çayı içilməsi də mikrobları məhv edir, iltihabı prosesin qarşısını alır”.

Vitamin və minerallarla zəngin olan bitki çayları bədənin bir çox tələbatını ödəyir və bəzi fizioloji problemləri həll edir.