Bir tikə çörəyə qurban gedənlər… – VİDEO

0
607

Vəzifəsindən, peşəsindən asılı olmayaraq hamının çalışdığı işin çətinliyi var. Elə hər kəs də evindən çıxarkən bir məqsəd arxasınca gedir: işləmək, çalışmaq və ailəsinə çörək pulu gətirmək. Amma bəzi sahələr var ki, orada çalışanlar hər an təhlükə ilə qarşılaşırlar.

Təəssüflər olsun ki, tikintidə təhlükəsizlik qaydalarına riayət edilmir. İş yerlərində baş verən qəzaların qarşısının alınması üçün bütün dünya mübarizə aparır. Hər il dünyada iş yerlərində 300 milyondan çox ölümlə nəticələnə bilən qəza baş verir ki, bunun da iki milyondan çoxu ölümlə nəticələnir.

Azərbaycanda isə il ərzində 100-dən çox istehsalat qəzası baş verir. Bəs bu qəzalardan necə qorunmaq olar?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Baku.tv-yə verdiyi müsahibəsində bildirib ki, tikinti şirkətinin rəhbəri ilk növbədə mütləq qaydada işçiləri işə götürərkən onlarla əmək müqaviləsi bağlamalıdır:

“Bir çox problemlərin yaranmasının elə əsas səbəbi ustalar və ya fəhlələrlə əmək müqaviləsinin bağlanmamasıdır. İşəgötürənin öz maraqları olduğu kimi işə götürülən şəxsin də öz maraqları olur. Belə ki, bunlardan ən vacibi onun sağlamlığı, həyatıdır. Buna görə də işçilər iş yerlərində, tikintidə işləyərkən qoruyucu vasitələrdən istifadə etməlidir. Sahibkarların da vəzifə öhdəliyi və borcudur ki, işçilərin təhlükəsizliyini tam qorusun və onların təhlükəsizliyi üçün lazım olan ləvazimatlarla onları təmin etsin”.

Çəkiliş apardığımız zaman müşahidə etdik ki, hündürlükdə çalışan fəhlələrin nə qoruyucu kəməri var, nə başında dəbilqəsi. Ayaqlarında isə rezin çəkmə əvəzinə, gündəlik həyatda geydikləri adi ayaqqabıdır. Potensial təhlükə isə elə budur. Bu laqeydliyin nəticəsidir ki, iş yerlərində bədbəxt hadisələr baş verir. Bu səbəbdən işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılması çox vacibdir və bu işə ciddi nəzarət olunmalıdır.