Yol boyu sahibkar Seyran Kərimov fermerlik fəaliyyəti haqqında məlumat verir, bu işin çətinlikləri barədə danışırdı. Beləcə, yolu necə qət etdiyimizi hiss etməyərək, hadisənin baş verdiyi fermaya çatdıq.
S. Kərimov bizi olayın baş verdiyi əraziyə apardı. Fermalar əsas yoldan 15-20 kilometr uzaqlıda dağların ətəyində yerləşirdi. Hadisə yan-yana tikilmiş tövlələrdən bir qədər kənarda – bir tərəfi daşla hörülmüş və ətrafı dəmir torla bağlanmış pəyədə baş verib.
Seyran Kərimovun sözlərinə görə, heyvanlar yaz aylarında ürək-ciyərləri istidən bişməsin deyə, açıq havada saxlanılır. Canavarlar daş hörgünün üzərindən aşaraq heyvanlara hücum edib.
Kərimov bizə canavarların ayaq izlərini də göstərdi. Onun sözlərinə görə, hadisə zamanı təkcə sahibkara deyil, 10 ailəyə də zərər dəyib: “Hadisə martın 28-i gecə saatlarında baş verib. Həmin günü hava çox küləkli idi. Buranın küləkləri çox güclü olur. Bəzən küləyin şiddəti digər səsləri eşitməyə imkan vermir. Bizim təsərrüfatda bir qayda var ki, hər saatdan bir çobanlar növbəli şəkildə heyvanlara baş çəkirlər. Gecə saatlarında çobanlardan biri heyvanlara baş çəkən zaman dəhşətli mənzərənin şahidi olub. Canavarlar hücum edib 35-ə yaxın heyvanı parçalamışdı. Canavar hücumundan vahiməyə düşən digər heyvanlar isə bir-birinin üstünə çıxaraq, boğulub ölmüşdü”.
Beləcə, olayda qaranlıq məqamlardan birinə aydınlıq gətirildi. Məlum oldu ki, canavarlar 407 qoyunu deyil, cəmi 35 qoyunu parçalayıblar. Digər heyvanlar isə təbii instinktin qurbanı olub.
Abşeron rayonu Xanqulu qış otlaq sahəsi
Hadisə ilə bağlı yaranan daha bir sual ondan ibarət idi ki, niyə müvafiq qurumlara 3 gün sonra məlumat verilib. Seyran Kərimov bu suala cavab olaraq bildirdi ki, hadisənin baş verdiyi barədə ümumiyyətlə heç kimə məlumat vermək istəmirmiş: “Çünki tərəkəmə adətlərinə görə, bu kimi hadisə heç kimə açıqlanmır. Elə ailə var ki, hadisə zamanı bütün heyvanları tələf olub. Buna görə, bu məsələni açıb ağartmaq istəmirdik. Ancaq sonradan düşündük ki, canavarlar quduz ola bilər, ərazinin dezinfeksiya edilməsi lazımdır. Həm də dəyən zərər də az deyildi. Bəlkə dövlət bizə də yardım edə. Buna görə xəbər verdik. Amma hadisə baş verən gün cümə axşamı idi. Sonrakı günlər isə istirahət gününə düşdü. Buna görə də, ancaq aprelin 1-də xəbər verdik.”.
Sahibkarın sözlərinə görə, heyvanları sığorta etmək barədə bu günə qədər heç düşünməyib, ümumiyyətlə sığorta məsələsinin mövcudluğundan xəbərsiz olub: “Mən hadisədən sonra öyrəndim ki, heyvanları da sığorta etdirmək mümkünmüş. Ancaq təəssüf ki, biz bu günə qədər bunu bilməmişik”.
Fermer hadisə zamanı 10 ailəyə 60 min manat dəyərində zərər dəydiyini vurğulayıb.Zərərçəkmiş fermerlər bildirir ki, ərazidə iki dəstə canavar sürüsü gəzir: “Bir dəstədə 9, digər dəstədə 17 canavar var. Dəfələrlə hücum ediblər. Çox ağıllı heyvandırlar. Düşünürük ki, bir dəstə itlərin başını qatıb, digər dəstə hücuma keçib. Buna görə də itlər hadisənin baş verməsinə mane ola bilməyib”.
Fermerlər arasında bütün heyvanlarını itirənlər də var. Ailələrinin bütün dolaşığı bir gecənin içində canavar sürüsü tərəfindən məhv edilib.
S. Kərimov ötən il Sahibkarlığa Yardım Milli Fondundan 45 min manat kredit götürərək, təsərrüfatını böyütməyə sərf etdiyini də dilə gətirdi: “İndi o krediti də ödəməliyik”.
Fermer Nəzər Kərimov uşaq yaşından çobanlıqla məşğul olduğunu deyir: “Bir gecənin içində bir ilimiz heç oldu. Aramızda eləsi var ki, bütün heyvanlarını itirib. İndi onların balaları ac qalıb. Biz heç, onlara dövlət tərəfindən yardım edilsəydi çox yaxşı olardı”.
Zərərçəkən fermerlər deyir ki, uzun illərdir bu işlə məşğul olsalar da, ilk dəfədir belə hadisə ilə qarşılaşırlar. Canavarların son hücumu fermerlərin həyatı üçün də təhlükə yaradıb. Artıq onlar uşaqlarını da çölə buraxmağa qorxur. Hesab edirlər ki, canavarların vurulmasına qoyulan qadağa onların təsərrüfatının axırına çıxacaq və hətta həyatları üçün təhlükə yaradır: “Sovet dövründə canavar vurana mükafat verirdilər, indi cərimə edirlər”.
Fermerlərlə söhbət zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da əraziyə gəldilər. Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti xidmətinin rəisi Fizuli Məmmədov qeyd etdi ki, onlara bu barədə məlumat aprelin 3-ü verilib: “Bizim ovçular ərazidə tədbirdədirlər. Bütün gün axtarışda olublar. Hələlik heç bir canavar müşahidə etməmişik. Canavarı gözlə görmək çox az halda mümkün olur. Canavar kiçik bir daşın arxasında gizlənə bilər, görmək mümkün olmaz. Canavar vəhşi təbiətdə gizlənə bilən heyvandır”.
F. Məmmədov fermerlərin iradına cavab olaraq xatırlatdı ki, canavarların vurulması qadağan olunsa da, istisna hallar da var.
Nazirliyin əraziyə təhkim etdiyi ovçulardan olan Asif Haqverdiyev iki gündür ərazidə axtarışların aparıldığını qeyd edib: “Hələ ki, heç nə əldə edə bilməmişik. Ancaq bu hadisədə “canavar hücum etdi” deyib keçmək olmaz. Onların hücum qaydası var. Canavarlar gələndə ilk dəfə sürü ilə gəlmirlər. Əvvəlcə kəşfiyyat canavarı gəlib, ərazi haqqında məlumat toplayır. Bundan sonra sürü ilə gəlirlər. Canavar sürüsündə hər bir canavarın öz vəzifəsi olur. Düşünürəm ki, bu hadisədə də 5-6 canavar itləri aldadıb və digərləri hücum edib. Bu səbəbdən kütləvi itki olub”.
Ovçu bu günə qədər belə kütləvi halla qarşılaşmadığını deyir. Sovet dövründə canavarların vurulmasına icazə olduğunu qeyd edən ovçu əlavə edib ki, canavarların artması bütün təbiətə zərər vurur: “Canavarların artması ceyran-cüyürün də məhv olmasına səbəb olur. Düşünürəm ki, bu kimi halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək”.
Nazirliyin Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin aparıcı-məsləhətçi, müfəttişi Nizaməddəin Tağıyev də bu vaxta qədər belə halların müşahidə edilmədiyini söyləyib: “Vəhşi təbiət də qorunmalıdır. Vəhşidir deyə, biz bütün yırtıcıları məhv edə bilmərik. Sürülərin qorunması üçün çoban itləri və çobanların özünün digər vasitələri olmalıdır. Hesab edirəm ki, bir neçə gün müşahidələr aparılacaq və müvafiq qərar qəbul ediləcək”.
Sağollaşıb, ərazidən uzaqlaşırıq. Yol boyu müxtəlif fermalar gözə dəyir. Fermalardan birinə yaxınlaşırıq. Kiçik fermer təsərrüfatı olan Rza Muradovun sözlərinə görə, onların da təsərrüfatına hər il canavar sürüsü hücum edir: “Mənə hər il 2000-3000 manata yaxın zərər dəyir. Bilirsiniz ki, canavarların vurulmasına qadağa var. Canavar vuran şəxsi 2000 manata yaxın cərimə edirlər. Biz də heyvanlarımızı aparan canavara baxa-baxa qalırıq. Dəyə bilmirik canavarlara. Çox xahiş edirik ki, aidiyyatı qurumlar canavarların vurulmasına olan qadağanı götürsün. Yoxsa yəqin ki, təsərrüfatlarımız məhv olacaq”.
Reportajdan qayıdıb olayı qələmə almaq istəyəndə, Oğuz rayonunda da canavar sürüsünün kəndə hücum etdiyi barədə xəbər aldıq. Bu dəfə canavar basqını nəticəsində 20 qoyun tələf olmuşdu. Özü də, hadisə uzaqda deyil, kəndin içində – təsərrüfat sahibinin evindən cəmi 15-20 metr aralıda baş vermişdi…sputnik.az