Bir sıra müəssisələrin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib

0
442

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi avqustun 21-də Ağstafa rayonundakı “Akkord Tekstil” MMC-də, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Beyləqan rayonundakı Pambıq emalı zavodunda, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar rayon və Mingəçevir şəhər Tarix və Diyarşünaslıq muzeylərində, Zərdab rayon Suvarma Sistemləri İdarəsində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Dövlət Miqrasiya Xidmətinin Ağsu rayon şöbəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon “MuğanAqro” MMC-nin kənd təsərrüfatı sahəsində, Şirvan şəhəri Mexaniki Təmir Zavodunda və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin yataqxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən bildiriblər ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası”, “Yanğın zamanı davranış qaydaları” barədə, həmçinin adıçəkilən müəssisələrin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına – hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.