Bir ayda 5 milyonluq tenderin qalibi olan şirkət kimindir?

0
13

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi “İnterkabel” Firmasından 2 007 219,06 manatlıq elektrik malları və avadanlıqlar alacaq.

Şirkət MKTB-nin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İnterkabel” Firması 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Ramil Arif oğludur. Ramil Babayevdən əvvəl şirkətə Molanov Yasin Xanoğlan oğlu, ondan əvvəl isə Manafov Rafiq Hidayət oğlu rəhbərlik edib.

Hər üç şəxs haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. “İnterkabel” Firması barəsində də məlumatlar məhduddur. Lakin bu sirli şirkət mütəmadi olaraq iri məbləğli tenderlərin qalibi seçilir.

Şrikət cari ilin son bir ayında üç tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 5 144 945,61 manatdır.

Ötən il isə “İnterkabel” Firması 9 tenderin qalibi seçilib. Şirkət bu tenderlər üzrə toplam olaraq 13 173 890,88 manatlıq sifariş alıb.