Binalar arasında sıxılan sakinlər – VİDEO

0
413

Paytaxt Bakı, sakinləri və şəhərə gələn qonaqları təkcə tarixi binaları ilə deyil, həm də yeni ucaldılan hündürmərtəbəli fərqli binaları ilə heyran edir. Son günlər isə müzakirə mövzusu olan yaxın və bitişik tikilən binalar sakinləri narahat etməyə başlayıb.

Bakının bir-birindən gözəl, gözoxşayan hündür binaları çoxdur. Hətta bu tikililərin sayı günü-gündən daha da artır. Lakin son zamanlar insanları narahat edən bir problem var.

İlk baxışda binalar arasındakı məsafə azlığı və bina tikintisində nəzərdə tutulan qaydalara əməl olunmaması gözə çarpır. Paytaxtın Yasamal rayonu, Qara Qarayev və 28 may ərazilərində çəkiliş apardıq. Görünən mənzərə göz qabağındadır.

Bu binalarda yaşayan insanlar isə təbii ki, mövcud vəziyyətdən çox narahatdırlar.

Memar Polad Əsgərov deyir ki, bina tikilərkən ətrafdakı digər binalar nəzərə alınmalı, aralarındakı məsafə onların hündürlük ölçüsünə görə təyin olunmalıdır.

Məsələn, əgər bir bina 12 mərtəbəli olacaqsa digər bina ilə arasındakı məsafə minimum 18 metr nəzərdə tutulmalıdır.

Bakı şəhərində tikintiyə icazə verən orqan Şəhərsalma və Arxitektura komitəsi, respublikanın digər şəhər və rayonlarında isə yerli icra hakimiyyətləridir. Komitənin mətbuat katibi Ramiz İdrisoğlunun sözlərinə görə, icazələr verilmədən öncə planlaşdırma sənədlərinin təsdiqi zamanı ara məsafəsinin saxlanılması daxil olmaqla, bütün şəhərsalma və tikinti normativ tələblərinə riayət olunması məsələlərinə baxılır.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirdilər ki, tikintiyə icazə verərkən şəhərsalma sənədlərinə əsasən icazə vermək lazımdır. Bu gün Bakı şəhərinin müfəssəl planı olmadığından bütün icazələr şəhərsalma əsaslandırılmasına görə icazə verilir. FHN icazə əsasında tikilən binaların tikinti norma və qaydalarına, eləcə də layihəyə uyğun inşa olunmasına nəzarət edir.