Bina tikən sahibkara yeni vergi tətbiq edilir: Leqallaşma olmasa, qiymət uçacaq

0
498

“Tikinti şirkətlərinin sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsinin qarşısının alınması məntiqlidir və şəffaflaşmaya gətirib çıxarda bilər”

“Azərbaycanda gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə edilən dəyişiklikdən danışarkən deyib.

O bildirib ki, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər.

Bəs, bu dəyişikliyin mənzil bazarında qiymətlərə təsiri olacaqmı?

İqtisadçı-ekspert Rəşad Həsənov burada bütün məsələlər tikinti şirkətlərinin öz fəaliyyətlərini hansı formada rəsmiləşdirəcəyindən asılı olacaq: “Mexanizmin dəyişdirilməsi, yəni, yeni vergi rejimi ilə fəaliyyət göstərmək bu sahədə dövriyyənin leqallaşmasına təsir edir. Sadələşdirilmiş vergi ödəyicisi olmaq sabit dəyər üzərindən vergi hesablanmasının həyata keçirilməsi deməkdir və tikinti şirkətləri üçün kvadrat metrə görə hesablanan vergi növü idi. Bu isə o deməkdir ki, tikinti şirkəti gəlir və xərclərini Dövlət Vergi Xidmətinin qarşısında sübut etməkdə maraqlı deyildi. Başqa sözlə, tikinti şirkəti dövriyyə üçün tələb olan sənədləri yığmır, onun istehlak etdiyi bütün mal və xidmətlərin rəsmi və yaxud qeyri-rəsmi olması ciddi əhəmiyyət daşımırdı. Nəticədə şəffaflaşma tələbi pozulurdu”.

O bildirib ki, tikinti şirkətlərinin sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsinin qarşısının alınması məntiqlidir və şəffaflaşmaya gətirib çıxarda bilər: “Əgər tikinti şirkətləri gəlir və xərclərini leqallaşdıra bilsələr, onların mənzil bazarında qiymətlərə təsir edəcək qədər əlavə xərc yükü formalaşmayacaq. İndiki halda mənzil bazarında qiymətlərə daha çox diktə edən faktor təklifin həcmi və istehlak gücünün aşağı olmasıdır. Ona görə də düşünmürəm ki, yaxın müddətli dövrdə bu proses mənzil bazarında qiymətlərdə ciddi əks olunsun”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, sadələşdirilmiş vergi xərclər nəzərə alınmadan tikinti şirkətlərinin dövriyyəsindən 2-4 faizlə tutulurdu: “Sadələşdirilmiş vergi kiçik sahibkarlar üçün tətbiq olunur, amma indi tikinti şirkətlərinin dövriyyəsi, əhatə dairəsi böyüyüb. Bəzi fəaliyyət növlərində mənfəət vergisi ödəmək daha sərfəlidir. Burada sahibkarların mənfəət vergisi ilə işləməsi əksinə onlar üçün rahatlıq yaradacaq və daha az vergi ödəyəcəklər. Burada xərclər, maya dəyəri göstərilir və mənfəətdən vergi tutulur.
Dəyişiklik şəffaflığı, tikinti şirkətlərinin mənfəətini artıracaq. Bu addım mənzil bazarında qiymətlərə təsir etməyəcək”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə onu da deyib ki, eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək: “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azad ediləcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək”.