Bakının ən böyük qəsəbələrindən biri də Binədir. Son illərdə qəsəbə sakinlərinin sayı dinamik sürətdə artmağa davam edir. Lakin tıxac problemini və əhalinin sıxlığını nəzərə alsaq, Binə sakinlərinin şəhərə gəliş-gedişi xeyli çətinləşib. Bu məqamda ağlımıza alternativ nəqliyyat yolu kimi vaxtilə mövcud olmuş dəmir yolu gəlir.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası nəzərdə tutulur.
Bəs görəsən, “2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası” dedikdə tam olaraq nə nəzərdə tutulur? Qəsəbə sakinləri Binədən hansı istiqamətlərə gedə biləcəklər?
Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.az-a açıqlamasında hazırda Bakıxanov-Binə-Qala dəmiryol xətti yükdaşımaları üçün istifadə olunduğunu bildirib:
“Gələcəkdə bu xətt həm də sərnişindaşıma məqsədilə istismar olunacağı təqdirdə, sərnişinlər Binədən Bakıxanov, Koroğlu, Keşlə stansiya və dayanacaqlarına və Bakı Dəmiryol Vağzalına gedə biləcəklər. Eyni zamanda, Bakıxanov dayanacağından Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Görədil, Novxanı və Sumqayıt istiqamətinə səfər edə biləcəklər”.