Binə qəsəbəsinin sakinləri məişət tullantılarının yol kənarında yığılmasından narahatdırlar.
Bu barədə sosial şəbəkədə paylaşım edilib. İddia edilir ki, fotolar Binə qəsəbəsi, Əli İsazadə küçəsində lentə alınıb.
Qəsəbə camaatı məişət tullantıları ilə bağlı problemin həlli üçün aidiyyəti qurumlara müraciət edildiyini, lakin məsələnin köklü şəkildə həll edilmədiyini qeyd edirlər:
“Yerli sakinlər və sürücülər məişət tullantılarını yolun ortasına atırlar. Çünki ərazidə zibil qutuları qoyulmayıb. Bələdiyyə işçiləri isə zibilləri yük maşını ilə elə yol kənarından toplayıb aparırlar”.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Gülbala Qurbanov bildirib ki, sözügedən küçənin döngələrində kifayət qədər zibil qutuları yerləşdirilib:
“Bu küçədəki məişət tullantıları artıq təmizlənib. Sözügedən yol “Azəravtoyolservis” QSC-nin balansındadır. Buna baxmayaraq, Binə qəsəbəsinin bələdiyyə və qəsəbə nümayəndəsi Tahir Əliyev gündəlik olaraq bu məsələnin həlli ilə məşğul olur. Bizim vətəndaşlarımız isə elə bilirlər ki, onların məişət tullantısını kimsə daşımalıdır. Onlar zibilləri ayrılmış yerlərdə qoyulan mövcud zibil qablarına atmağa ərinirlər”.