Biləsuvarda şəhid baş leytenantın anım mərasimi keçirilib – FOTO

0
504

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anım mərasimi keçirilib.

Zabitin şəhid olmasının yeddinci günü ilə əlaqədar təşkil olunan mərasimdə şəhidin yaxınları, yerli sakinlər və digər rayonlardan gələn şəxslər iştirak edib.

Daha sonra mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyulun 12-də Tovuz istiqamətində təxribata əl atıb. Bu səbəbdən həmin gün iyulun 13-ə keçən gecə gərginlik artıb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Şəhid zabit Mahmudov Rəşad doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Rəşidin kiçik qardaşı Rəisağa Mahmudov da səkkiz il əvvəl ehtiyatsızlıqdan aldığı güllə yarasından vəfat edib.