Bu gün dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb.
Heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harry Mitsidis şəxsən başçılıq edir.
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.