Beynəlxalq sərgidə İKT sahəsindəki yeniliklər təqdim olunur

0
614

Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində 26-cı telekommunikasiya, rabitə, təhlükəsizlik və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TİBO-2019” sərgi-forumunda iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının və özəl şirkətlərin 15-ə yaxın təmsilçisi daxildir.

Nazirliyin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkının nümayəndələri sərgi-foruma qatılıblar.

Forumda 16 ölkədən 100 şirkətin nümayəndəsi iştirak edir. Forumun açılış mərasimində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından salamlama məktubu oxunub.

Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin adından oxunan məktubda qeyd olunub ki, milli sənaye sərgilərində qarşılıqlı olaraq iştirak etmək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı dostluq münasibətlərinin, eləcə də ölkələrimizin sahə üzrə nazirliklərinin səmərəli biznes tərəfdaşlığının gerçək nümunəsidir.

“TİBO-2019” sərgi-forumunda Azərbaycan Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. 26-cı dəfə təşkil olunan “TIBO-2019” ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Sərgiyə bu gün təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.

Sərgi öz işini aprelin 12-dək davam etdirəcək.