Berlinin Humbolt universitetində elmi konfransda Mirzə Şəfi Vazehin yaradıcılığından danışılıb

0
420

Berlinin Humbolt universitetində keçirilən elmi konfransda universitetinin professoru Eva Maria Aux Mirzə Şəfi Vazehin yaradıcılığından danışıb.

M.Ş.Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor 3 dildə dərc olunan yeni kitabı Mirzə Şəfi Vazehin onun oxucularına qiymətli hədiyyə kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan, rus və alman dillərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb. Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa, 351 şeirdən ibarətdir. Şairin əsasən N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu şeirlərin yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə Azərbaycan dilinə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 100-ü ötməyib. Yaradıcı qrup ilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirdi. Bu şeirlər Mirzə Şəfinin Azərbaycan və rus dillərində indiyədək mövcud şeirləri ilə tutuşdurulub və hər üç dildə çatışmayan şeirlər müəyyənləşdirilib. Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlanıb. Eyni zamanda Azərbaycan və rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirilərək alman dilində 15 şeirin sətri və bədii tərcümələri də hazırlanıb.

Konfransda çıxış edən alim Fəxrəddin Veysəlli bildirib ki, dövrünün böyük musiqiçisi, rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfidən seçdiyi 12 şeir əsasında silsilə romanslar bəstələyib. Bu əsərləri 1855-ci ildə böyük Avstriya-macar bəstəkarı Ferens List bəyənib və nəşrinə kömək göstərib. Bu romansları sonradan digər böyük rus bəstəkarı Pyotr Çaykovski alman dilindən rus dilinə tərcümə edib, dünya opera sənətinin əfsanələrindən biri Fyodor Şalyapin isə onları uzun illər uğurla səsləndirib.

Vurğulayıb ki Mirzə Şəfi Vazehin bütün əsərləri “Xalq Bank”ın həyata keçirdiyi “Xalq Əmanəti” kollektivinin təcrübəsində ən mürəkkəb işlərdən biri olub. Beş ildən çox müddət ərzində üzərində müxtəlif ölkələrin mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq üç dilə tərcümə edilən külliyyat Vazeh yaradıcılığını xalqımıza yenidən qaytarıb. Azərbaycan, rus və alman dillərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb.