Belçikanın “Euroreporter” nəşrində Azərbaycanda mina çirklənməsi ilə bağlı məqalə dərc edilib

0
148

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərovanın “İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında mina təhlükəsi zəifləmir” sərlövhəli məqaləsi Avropa İttifaqının nüfuzlu “Euroreporter.co” nəşrində dərc edilib.
Müəllif məqalədə Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi ilə Cənubi Qafqaza gətirdiyi yeni reallıqlardan bəhs edir. Postmünaqişə dövründə iki ölkə arasında münasibətlərin normallaşması prosesinin çox mühüm olduğu diqqətə çatdırılır. Tərəflər arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, regionda bütün kommunikasiyaların açılması, humanitar məsələlər aktuallıq kəsb edir.
E.Cəfərova Azərbaycanın qələbədən dərhal sonra işğaldan azad etdiyi torpaqlarının bərpasına başladığını və ilk məcburi köçkünlərin köçürülmə prosesinə start verildiyini diqqətə çatdırıb. Bölgədə ilk “ağıllı kənd” – Zəngilanın rayonunda Ağalı kəndi artıq sakinlərini qəbul edib. Amma həmin ərazilərdə ermənilər tərəfindən basdırılmış minalar təhlükə yaradır və dinc insanların həyatını itirməsinə səbəb olur.
Müəllif xatırladıb ki, Azərbaycanın işğaldan azad edilmiş rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilər sırasındadır. “Qafqazın Xirosiması” adlandırılan Ağdamda 97 min mina aşkar edilib. Lakin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi problemi təkcə miqyası ilə məhdudlaşmır. Azərbaycanın israrlı çağırışlarından sonra ATƏT-in, ABŞ, Rusiya, Avropa İttifaqı və Gürcüstanın vasitəçiliyi ilə erməni əsirlərinin qaytarılması müqabilində minalanmış ərazilərin xəritələri təqdim olunub. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, təqdim olunan xəritələrin dəqiqliyi 25 faiz uyğun gəlir. Təbii ki, bu xəritələrə Laçın və Kəlbəcərdən geri çəkilən Ermənistan silahlı bölmələrinin həyata keçirdiyi kütləvi minalama daxil deyil.

Məqalədə qeyd olunur ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) proqnozlarına görə, ölkəmiz tərəfindən aparılan işlərin intensivliyinə baxmayaraq, bəzi rayonların təmizlənməsi on ilə qədər vaxt apara bilər. Minatəmizləmə işləri böyük vaxt və vəsait tələb edir və Azərbaycan işğaldan azad edilmiş əraziləri tez bir zamanda təmizləməyə çalışır. Bu məsələdə beynəlxalq ictimaiyyətin köməyi alqışlanır və çox lazımdır. Bəzi ölkələr yardım ediblər. Məsələn, Böyük Britaniya Azərbaycanın bərpa və minalardan təmizlənməsi səylərinə 1 milyon manatdan çox (500 min funt sterlinq) ayırıb. Fransa minalardan təmizlənmə üçün 400 min avronun ianə edilməsini bəyan edib. ABŞ-ın Marşal İrs İnstitutu isə Azərbaycana onlarca minaaxtaran it bağışlayıb.

Avropa İttifaqının Azərbaycanda minatəmizləmə işlərinə yardımlarından bəhs edən BMTM-nin İdarə Heyətinin üzvü bildirib ki, qardaş Türkiyədən olan mütəxəssislər də minatəmizləmə prosesində Azərbaycana köməklik göstərirlər. Vurğulanıb ki, bu prosesdə beynəlxalq ictimaiyyətin və müvafiq beynəlxalq təşkilatların dəstəyi və köməyinə daha da ehtiyac vardır.
“2020-ci ilin payızında hərbi əməliyyatların başa çatmasından indiyədək 240-dan çox hərbçi və mülki şəxs mina partlayışı nəticəsində ölüb və ya yaralanıb. 2022-ci il sentyabrın 30-da Azərbaycanın Füzuli rayonu ərazisində minanın partlaması nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Amid Əsədov və Çərkəz Quluzadə (2007-ci il təvəllüdlü) həlak olub. Oktyabr ayının əvvəlində Tərtər rayonu və Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minanın partlaması nəticəsində 3 nəfər xəsarət alıb. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində mina təhlükəsi zəifləmir və günahsız insanların həyatına son qoymaqda davam edir.
Bu arada Azərbaycan işğaldan azad edilmiş torpaqların minalanması ilə bağlı getdikcə daha dəhşətli faktlar aşkar etməkdə davam edir. Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyi Azərbaycanın Xocalı rayonu istiqamətində mühəndis-istehkam bölmələri tərəfindən Ermənistan istehsalı olan PMN-E markalı beş piyada əleyhinə mina aşkar edilərək, sonradan zərərsizləşdirildiyi barədə məlumat yayıb. Üstəlik, 2021-ci ildə müharibə başa çatdıqdan sonra təkcə Laçın rayonunda 1400-dən çox yeni mina qoyulub ki, bu da təəssüf ki, Azərbaycana qarşı məkrli müharibənin ən dəhşətli şəkildə davam etdiyindən xəbər verir”, – deyə məqalədə qeyd olunur.
Esmira Cəfərova məqaləsinin sonunda bildirir ki, Ermənistan mina sahələrinin daha dəqiq xəritələrini təqdim etməklə sülhə hazır olduğunu nümayiş etdirə bilərdi. Ermənistanın verdiyi mina sahəsi xəritələrinin dəqiqliyi çox aşağıdır və bu ölkə minalanmış Azərbaycan ərazilərinin dəqiq və dolğun xəritələrini təhvil verməklə ədalətin, beynəlxalq hüququn və insanlığın tərəfində olduğunu sübut etməlidir.