“Bayden Ermənistana kömək edəcək” mifi – ŞƏRH

0
463

Amerikanın yeni prezidenti seçilən (artıq çoxlarında şübhə doğurmur) Co Baydenin erməni lobbisi ilə əlaqələri sirr deyil.

Bayden 1990-cı illərin əvvəllərində Konqresdə Azərbaycana qarşı qəbul edilən ədalətsiz 907-ci düzəlişin müəlliflərindəndir. Bayden seçki kampaniyası zamanı da Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verib. Ona görə də ermənilər ümid edirlər ki, Co Bayden Ermənistana dəstək verəcək, müharibənin gedişatında az qala ermənilərin xeyrinə dönüş yaradacaq.

Azərbaycan müstəqillik qazandıqdan sonra Amerikanın müxtəlif prezidentləri ilə – Bill Klinton, Corc Buş, Barak Obama və Donald Trampla əməkdaşlıq edib. Barak Obamanın da erməni lobbisi ilə sıx əlaqələri var idi. O, prezident seçiləcəyi təqdirdə “erməni soyqırımını” tanıyacağını vəd etmişdi. Barak Obama prezident seçildikdən sonra “erməni soyqırımını” tanımadı, sadəcə hər ilin aprel ayında erməni dilində “böyük faciə” ifadəsini işlətdi. Barak Obama ona görə “erməni soyqırımını” tanımadı ki, Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmədi.

Co Bayden prezident seçildikdən sonra o da çətin ki, “erməni soyqırımını” tanısın. Əlbəttə, hazırda ABŞ-la Türkiyə arasındakı münasibətlər normal deyil və Bayden Türkiyəni daima tənqid edir. Ancaq əgər Amerika prezidenti “erməni soyqırımını” tanıyarsa, bu Amerika-Türkiyə münasibətlərinə daha pis təsir edəcək. Vaşinqton isə Türkiyənin bölgədəki artan rolunu nəzərə almaq məcburiyyətindədir.

Co Bayden Dağlıq Qarabağdakı erməni separatçılarını da məğlubiyyətdən xilas edə bilməyəcək.

Əvvəla, Co Baydenin prezident seçilməsi rəsmiləşsə də, onun andiçmə mərasimi yanvar ayının sonunda keçiriləcək. Digər tərəfdən, andiçmədən sonra yeni vəzifədə Baydenin adaptasiya dövrü ən azı 5-6 ay çəkəcək. Bu müddətə qədər isə Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti bərpa edəcək.

Azərbaycan öz qazını Avropaya nəql etməyə başlayacaq. Bu isə Amerikanın maraqlarına cavab verir. Digər tərəfdən Bayden administrasiyası Azərbaycanın İsraillə əməkdaşlığını da nəzərə almaq məcburiyyətindədir.

“Atlas” Araşdırmalar Mərkəzi