Baş nazir doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi

0
612

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabineti qərara alıb ki, Qaydaların 1.1.8-ci bəndinə “Azərbaycan Milli Elmlər Akademiyasının” sözlərindən sonra “(bundan sonra – AMEA)” sözləri və “Təhsil Nazirliyinin” sözlərindən sonra “(bundan sonra – Nazirlik)” sözləri əlavə edilsin.

2.1-ci bənddə “Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri “AMEA-da” sözləri ilə əvəz edilir.

2.2-ci bənddə “Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin” sözləri “AMEA-nın və Nazirliyin” sözləri ilə əvəz edilir.

3.1-ci bənd isə aşağıdakı redaksiyada verilir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

3.5-ci bənddə “ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar“ sözləri “AMEA və Nazirlik“ sözləri ilə əvəz edilir.

3.10-cu bənd aşağıdakı redaksiyada verilir:

Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Aşağıdakı məzmunda 3.10-1-ci və 3.10-2-ci bəndlər əlavə edilir:

Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) AMEA və Nazirlik tərəfindən birgə müəyyənləşdirilir.”.

3.11-ci bənddə “Qəbul imtahanlarını” sözləri “İxtisas fənnindən qəbul imtahanı” sözləri ilə əvəz edilir.

3.12-ci və 3.14-cü bəndlər aşağıdakı redaksiyada verilir:

İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar.

Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini təyin edilir. Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, müvafiq olaraq komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil edilir.

Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndərilir.

Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbərinə apellyasiya ərizəsi ilə müraciət edə bilər. Müəssisə rəhbəri 5 (beş) iş günü müddətində müraciətə baxmalı və əsaslandırılmış qərar qəbul etməlidir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.”.

3.26-cı bənddən “bir ali təhsil müəssisəsindən, elmi müəssisə və təşkilatdan digər ali təhsil müəssisəsinə, elmi müəssisə və təşkilata, həmçinin” sözləri çıxarılsın.

3.27-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilir:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tatixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq imtahanlar verməli;”.

6.1-ci bənddən “təşkilatlarda digər” sözləri çıxarılır.

6.2-ci bənd aşağıdakı redaksiyada verilir:

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

“Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.”.

6.5-ci bənddə “elmi və elmi-pedaqoji” sözləri “azı iki il elmi və ya elmi-pedaqoji” sözləri ilə əvəz edilir.

Aşağıdakı məzmunda 6.6-1-ci bənd əlavə edilir:

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) bu Qaydaların 3.10-1-ci bəndində göstərilən qaydada keçirilən qəbul imtahanı verirlər.

6.7-ci bəndə “təqdimatı” sözündən sonra “və “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyənlər üçün xarici dil fənni üzrə imtahandan aldıqları qiymət” sözləri əlavə edilir.

6.9-cu bənd aşağıdakı redaksiyada verilir.

“Fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də fəlsəfə doktoru imtahanları verirlər.