“1993-cü ilin yayı ərəfəsində Azərbaycanda mövcud ictimai-siyasi, iqtisadi, hərbi böhran son həddə çatmışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Xalq vahimə və təşviş içində idi və ovaxtkı iqtidara inamını tamamilə itirmişdi. AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirib çıxarmış, iyunun əvvəllərindən etibarən cərəyan edən hadisələr nəticəsində Azərbaycanda qardaş qanı axıdılmış, faktiki olaraq vətəndaş müharibəsi başlanmışdı”.
Bu sözləri Baş nazir Əli Əsədov “Azərbaycan” qəzetindəki məqalədə qeyd edib.
Ə.Əsədov bildirib ki, belə bir ağır vəziyyətdə xalq yenə də imdad üçün Heydər Əliyevə üz tutdu:
“Xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidi ilə, vəziyyətdən çıxış yolu tapmaqda aciz olan iqtidarın özünün inadlı xahişləri ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı.
Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev xalqın dadına çatdı. Vətəni və xalqı naminə ozamankı iqtidarın təklifini qəbul edərək rəhbərliyi öz üzərinə götürməyə razılıq verdi.
Elə həmin gündən Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsi son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Heydər Əliyev vahid komandanlıq altında nizami ordu quruculuğuna başlayaraq tez bir zamanda müharibənin gedişində dönüş yarada bildi.
Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında əks-hücum əməliyyatları keçirərək düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənməkdə olan Silahlı Qüvvələrimizin gücünün açıq-aşkar artmasından və işğal olunmuş torpaqları geri qaytarmaq üçün keçirdiyi ilk uğurlu əməliyyatlardan zərbələr alan Ermənistan ordusu atəşi dayandırmağa məcbur oldu”.