Baş məşqçilər püşkü dəyərləndirdi – FİKİRLƏR

0
281

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə püşkü atılıb.

Komandamız son Avropa çempionu Portuqaliya, Serbiya, İrlandiya və UEFA Millətlər Liqasında bu payız qarşılaşdığı Lüksemburqla bir qrupda yer alıb. 

Artıq baş məşqçilər püşkü dəyərləndirir. Onlardan üçünün fikirlərini təqdim edirik:

Canni De Byazi (Azərbaycan millisinin baş məşqçisi): “Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda dörd aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə AVRO-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər”.

Fernandu Santuş (Portuqaliya millisinin baş məşqçisi): “Püşkatma təhlil üçün deyil, onlarla oynamaq və qalib gəlmək üçündür. Bizim üçün çətinlik olmamalıdır. AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə oynamışıq. Düzdür, əvvəl onlarla, sonra Ukrayna ilə heç-heçələrlə işimizi çətinləşdirmişdik. Əsas yaxşı hazırlaşmaqdır. Həm də təqvim uğurlu olmalıdır. Dünya çempionu adına iddia etmək üçün mərhələni adlamalıyıq. Portuqaliya böyük favoritdir. Bəzi rəqiblərlə az oynasaq da, onları yaxşı tanıyırıq. Bu isə analizlərdə bizə kömək edə bilər. Məsələn, mən Azərbaycana səfərin tezliklə olmasını istəyirəm”.

Stiven Keni (İrlandiya millisinin baş məşqçisi): “Beş komandalı qrupa düşməyimiz martdakı üç oyun pəncərəsi zamanı üç matç keçirməyəcəyimiz deməkdir. Bu da müsbət haldır. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir. Serbiya böyük futbol ənənəsinə sahibdir. Lüksemburq olduqca inkişaf etmiş komandadır. Həmçinin, Azərbaycan da. Həyəcanverici qrupa düşmüşük. Bu seçmə mərhələ yeni bir yarış olacaq. Düşünürəm ki, marta qədər bir çox oyunçumuz hazır vəziyyətdə olacaq. Bu da müsbət məqamdır. Son iki ayda 10 futbolçuya beynəlxalq arenada debüt imkanı verdik. Təcrübəli futbolçularımızı da onlara əlavə etsək, martda komandamızın daha da güclü olacağını demək olar. Bizim üçün gözlənilməz qrup olmadı. Ümid edirəm ki, koronavirus pandemiyası dönəmində irəliləyişə nail olacağıq və fantastik azarkeşlərimizi tezliklə stadiona qaytaracağıq”.