Müştərilərin bankdan götürdükləri kreditlə bağlı bəzən problemlər yaranır. Məsələn, kimsə biznes qurmaq üçün borclanır, bir başqası ev almaq üçün ipotekaya girir. Borc vaxtında ödənməyəndə banklar həmin şəxsi məhkəmə verir. Qərara uyğun şəkildə həmin şəxslərin əmlaklarına həbs qoyulur. Belə nümunələr yüzlərlədir.
İşini itirən, biznesi alınmayan, uğursuzluqla üzləşən şəxslərə banklar möhlət verə bilmir? Belə bir mexanizm var?
İqtisadçı və hüquqşünas Əkrəm Həsənov deyib ki, bank istəsə möhlət verə də bilər, verməyə də.
Onun sözlərinə görə, hətta bank müştərini məhkəməyə verib, pulun ödənilməsini tələbə edə bilər:
“Əgər tərəflər arasında o borcun vaxtında ödənilməsi ilə bağlı müqavilə bağlanıb və öhdəlik götürülübsə, müştərinin başına hər hansı hadisə gəlməsi, yaxud işsiz qalması onun öhdəliyinə təsir etmir. Bəlkə də oxucular deyəcək ki, qanun pisdir. Əslində, qanun pis deyil, əksinə, ağıllıdır. Qanun olmasa, sabah insanlar borcu qaytarmaqda maraqlı olmayacaq. Məsələn, elə olduqda bir nəfər işini itirsə belə, borc ondan tələb olunmadığı üçün aşağı maaşlı iş təklifinə yox deyəcək. Qanun insan təbiətinə uyğun tərtib edilib”.
Ə.Həsənovun fikrincə, banklar çox vaxt məhkəməyə müraciət etmək istəmir:
“Çünki illərlə məhkəmədə nəyisə tələb etmək də vaxt aparır. Bank görsə ki, problem qısamüddətlidir, o zaman gözləyir. Lakin banklarda gözləmə müddəti 1 ildir. Ondan sonra məhkəməyə müraciət etməlidir. Belə olmasa, yəni 1 il sonra məhkəməyə müraciət etməsə, pulu geri tələb edə bilməyəcək”.