Müharibədə uduzan Ermənistan dünənə kimi nəzarətdə saxladığı daha bir Azərbaycan ərazisindən – Ağdamdan öz qoşunlarını çıxarmağa məcbur oldu.
Ağdamın işğaldan azad edilməsi hamıdan çox birinci Qarabağ müharibəsinin aktiv iştirakçılarından olan, tanınmış erməni komandir Vitali Balasanyana sözün həqiqi mənasında od vurub. Ermənilərin veteran və cani komandiri dünənki tarixin onun həyatında ən ağır gün olduğunu deyib.
Balasanyan qeyd edib ki, azərbaycanlılara qarşı ilk gülləni 1988-ci ildə atıb və guya bunu erməni xalqının təhlükəsizliyi üçün edib: “Əsgəran batalyonu yaratdım və Qarabağda müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak etdik. Ağdamı da aldıq. 1991-ci ildən 94-ə kimi 292 döyüşçünü itirdik, 475 yaralı oldu. Bu gün çox acıyıram və inciyirəm. Çünki zəif, səriştəsiz siyasətçilərin apardığı anti-erməni siyasəti nəticəsində Əsgəran və digər bölgələrin alayları hərbi bazaları tərk etdilər. Buna görə mütləq cavab verəcəksiniz”.
Balasanyan daha sonra xəyallara dalaraq mübarizə aparacağını, guya “qələbə” qazanacağını bildirib: “Çağırışımı eşidərək ayağa qalxıb silah götürən yüzlərlə silahdaşıma təşəkkür edirəm. Sizi müqəddəs torpaqları qorumağa çağırıram. Çünki bu, hər birimizin müqəddəs borcudur. Əminəm ki, birləşsək, qorxu və ümidsizlikdən qurtulsaq, çox qısa zamanda qazanacağıq”.