Bakıya qarşı “erməni əsgərin ölümü” üzərində qurulan oyun – Sərhəddə nə baş verir?

0
249

Rəsmi Bakının təkzib etməsinə baxmayaraq, Ermənistan sərhəddə ölən əsgərin Azərbaycan tərəfindən vurulduğunu iddia edir. Maraqlıdır ki, erməni əsgərin vurulması xəbəri ilk yayılanda İrəvanın rəsmi açıqlaması “dəqiqləşdirmə” yönündə idi, daha sonra Bakı ittiham edildi. Halbuki, sərhəd toqquşmalarında belə “dəqiqləşdirmə” təcrübəsi olmayıb.

Bəllidir ki, Ermənistan bu və ya digər səbəbdən ölən hərbçisinin cəsədindən siyasi məqsədlər üçün istifadə etmək niyyətindədir. Və bu situasiya sərhəddə gözlənilən “gərginlik oyununun” başlana biləcəyi ehtimalını da ön plana çıxarır.

Burada xüsusilə diqqətçəkən iki məqam var:

Birincisi, Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarın Bakının təkzib etməsinə rəğmən, Ermənistan tərəfinın iddiasına istinadən sərgilədiyi mövqedir;
İkincisi, Azərbaycana qarşı “erməni əsgərin öldürülməsi” ittihamının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Bakıya səfərindən öncə gündəmə gətirilməsidir;

Obraynı Bakıya gətirən səbəblərdən biri Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına, xüsusilə kommunikasiyanın İrəvanın “sülhün kəsişməsi” layihəsinə uyğun açılmasına razı salmaqdır. Müzakirələrdən öncə “Azərbaycan atəş açıb” ittihamının irəli sürülməsi və Aİ-nin bunu dəstəkləməsi də “Bakı razı olmayacağı təqdirdə, sərhəd gərginliyi üzərindən təzyiqlə üzləşəcəyi” haqda mesaj xarakteri daşıya bilər.